Bakı, TurkicWorld
ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp, federal ölüm cəzasının tətbiqini qətiyyətlə davam etdirəcəyini açıqlayıb.
TurkicWorld xəbər verir ki, bu bəyanat Trampın, prezident Co Baydenin bəzi məhbusların edam cəzalarını yüngülləşdirmək qərarına kəskin tənqidindən sonra gəlib.
Tramp, Baydenin edam cəzası alan 37 federal məhbusun cəzalarını ömürlük həbslə əvəzləməsini "qəbuledilməz" adlandırıb və bunun qurbanların ailələrinə hörmətsizlik olduğunu bildirib.
"Co Bayden ölkəmizin 37 ən pis qatilinin edam cəzasını yüngülləşdirdi. Onların törətdikləri cinayətləri eşidəndə onun bu qərarı necə verdiyinə inanmayacaqsınız. Bu, mənasız və qurbanların yaxınlarına hörmətsiz bir qərardır." - deyə Tramp bildirib.
Tramp, prezident seçildikdən sonra federal ölüm hökmlərinin icrasını yenidən aktiv şəkildə davam etdirəcəyini vurğulayıb. O, həmçinin narkotik və insan alveri ilə mübarizədə edam cəzasının önəmli bir vasitə olduğunu müdafiə edib.
Qeyd edək ki, Co Bayden administrasiyası, ölüm hökmlərinin əleyhinə mövqe sərgiləyərək, federal edamları dayandırmaq üçün 2021-ci ildə moratorium elan etmişdi. Bayden ötən gün verdiyi açıqlamada, 40 məhbusdan 37-nin edam cəzasını ömürlük həbslə əvəz etdiyini bildirərək bu addımı vicdani qərar kimi dəyərləndirib.
"Vicdanım, yeni rəhbərliyin dayandırdığım ölüm cəzalarını yenidən başlatmasına icazə verməyəcək." -deyə o bildirib.