Bakı, TurkicWorld
Seçki proqramımıza əsasən, 2028-ci il üçün biz assosiasiya gündəliyi və Azad Ticarət Sazişi ilə nəzərdə tutulan öhdəliklərin 90 faizindən çoxunu yerinə yetirmiş olmalıyıq və bu vəd yerinə yetiriləcək.
TurkicWorld xəbər verir ki, bu barədə Gürcüstanın Baş naziri İrakli Kobaxidze hökumətin iclasında bildirib.
Baş nazir deyib ki, ABŞ və Avropa İttifaqının yeni liderləri olacaq və bu liderlik şəraitində münasibətlərin yenidən başlaması mümkündür.
"Xarici siyasətə gəlincə, burada bilirsiniz ki, bizim iddialı planlarımız və ciddi vəzifələrimiz var. Avropa İttifaqına inteqrasiya əsas xarici siyasət prioritetimizdir. Seçki proqramımıza əsasən, 2028-ci il üçün biz assosiasiya gündəliyi və Azad Ticarət Sazişi ilə nəzərdə tutulan öhdəliklərin 90 faizindən çoxunu yerinə yetirmiş olmalıyıq və bu vəd yerinə yetiriləcək.
Həmçinin, ABŞ və Avropa İttifaqı ilə münasibətlərin keyfiyyətcə yenidən başlayacağına dair çox böyük ümidimiz var. Yanvarın 20-də Donald Trampın andiçmə mərasimi baş tutacaq, müvafiq olaraq, ABŞ və Avropa İttifaqının yeni lideri olacaq və bu liderlik şəraitində düşünürük ki, münasibətlərin yenidən başlaması mümkündür və düşünürük ki, münasibətlərin yaxşılaşması üçün hər şeyi etməliyik.
Ötən dörd il ərzində bu münasibətlər ciddi problemlə üzləşdi, bildiyiniz kimi, bizim günahımız olmayıb. Gürcüstanın Avropaya inteqrasiyası yolunda süni əngəllər yaradılırdı. Ciddi, kobud şantaj olub. Şantaj əvəzinə iş – bizim yanaşmamızdır və Gürcüstanın Avropa İttifaqına tam inteqrasiyası deyilən istiqamətdə yolu mütləq bu yanaşma ilə davam etdirməliyik", – baş nazir bildirib.