Son dəqiqə

UNESCO

UNESCO Livanın mədəni irsini xüsusi mühafizə altına aldı

Bakı, TurkicWorld

Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatı (UNESCO), Livanın cənubunda davam edən silahlı toqquşmalar fonunda ölkənin 34 mədəniyyət obyektinə müvəqqəti olaraq xüsusi mühafizə statusu verib.

TurkicWorld xəbər verir ki, bu qərar münaqişə zonalarında mədəni irsin qorunması üzrə xüsusi komitənin iclasında qəbul edilib.

"34 mədəni obyekt, o cümlədən Baalbek və Tire şəhərlərindəki Ümumdünya İrs obyektləri, Beynəlxalq Mədəni Mülkiyyətin Gücləndirilmiş Mühafizəsi Siyahısına daxil edilib. Qeyd edək ki, bu ərazilərin yaxınlığında son hücumlar qeydə alınıb," - deyə UNESCO-nun bəyanatında bildirilir.

Sessiya Livan hökumətinin rəsmi müraciəti əsasında keçirilib. UNESCO-nun qərarına əsasən, bu obyektlər, o cümlədən qədim məbədlər, muzeylər və arxeoloji ərazilər, maksimum hüquqi toxunulmazlıq statusuna malik olacaqlar. Müvafiq müddəaların pozulması 1954-cü il Haaqa Konvensiyasına zidd olaraq, beynəlxalq hüquqi məsuliyyətə səbəb olacaq.

UNESCO həmçinin mədəniyyət obyektlərinin qorunması üçün texniki və maliyyə dəstəyi göstərəcək. Mütəxəssislər muzey kolleksiyalarının inventarlaşdırılması, qiymətli əsərlərin təhlükəsiz ərazilərə köçürülməsi və obyektlərin peyk vasitəsilə izlənilməsi üçün dəstək təklif ediblər.

Bu addım UNESCO-nun mədəni irsin qorunması istiqamətində beynəlxalq ictimaiyyətlə birgə atdığı mühüm addımlardan biri kimi qiymətləndirilir.

Mövzuya görə xəbərlər