Bakı, TurkicWorld
İsrail ordusunun Qəzza zolağında həyata keçirdiyi hücumlarda ölən jurnalistlərin sayı beşə yüksəlib.
TurkicWorld xəbər verir ki, bu barədə hökumətin Qəzzadakı Media Ofisindən yazılı açıqlama verilib.
İsrail ordusunun Qəzza zolağında həyata keçirdiyi hava hücumları nəticəsində jurnalistlər də daxil olmaqla bir çox insan həyatını itirib. Aparıcı və proqram prodüseri Nadya İmad əl-Seyyid və radio kanallarında çalışan jurnalist Əbdürrəhman Semir əl-Təninin də bu hücumlarda həlak olduğu bildirilib.
İsrailin Qəzzaya olan hücumları nəticəsində bir gündə 5 jurnalistin həyatını itirməsi, indiyə kimi Qəzza zolağında həyatını itirən jurnalistlərin ümumi sayını 182-yə yüksəldib.
Bu gün isə İsrail döyüş təyyarələrinin Qəzzanın qərbində yerləşən Əl-Şati Qaçqın Düşərgəsində BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Yaxın Şərq Agentliyinə (UNRWA) bağlı "Esma" məktəbinə sığınmış mülki insanları da hədəf aldığı bildirilib.
HƏMAS tərəfindən verilən açıqlamada, İsrail ordusunun bir gündə 5 jurnalistin həyatını itirməsinə səbəb olan hücumları kəskin şəkildə pislənilib.
Həmçinin , İsrailin hücumlarının fələstinli jurnalistləri qorxutmayacağı, onların İsrailin törətdiyi cinayətləri dünyaya çatdırmağa davam edəcəyi vurğulanıb.
Bəyanatda, beynəlxalq mətbuat və media qurumlarına fələstinli jurnalistlərə qarşı törədilən cinayətləri açıq şəkildə pisləmələri və İsrailin cinayətlərini ifşa etmək üçün həmrəylik göstərmələri çağırışı edilib.
Qeyd edək ki, İsrailin 7 oktyabrdan bu yana Qəzza zolağında həyata keçirdiyi hücumlarda təxminən 17,210-u uşaq, 11,742-si qadın olmaqla 42,924 fələstinli həyatını itirib, 100,833 nəfər isə yaralanıb. Dağıntılar altında hələ də minlərlə cəsəd olduğu, insanların sığındığı xəstəxana və təhsil müəssisələrinin də hədəf alındığı, mülki infrastrukturun məhv edildiyi qeyd edilib.