Bakı, TurkicWorld
Tokio, avqust ayında şiddətli istilər səbəbindən gün vurma halları ilə bağlı əhaliyə xəbərdarlıq edib .
TurkicWorld xəbər verir ki, Yaponiya rəsmiləri iyul ayında mövcud istilər səbəbindən Tokioda 120-dən çox insanın öldüyünü bildiriblər.
Ölkənin orta temperaturu rekord həddə çatdığı üçün istilərə dair xəbərdarlıqlar iyul ayından başlayıb.
Tokio Ədliyyə Tibb İnstitutunun məlumatına görə, ölən 123 nəfərin əksəriyyəti yaşlıdır. Onlardan ikisi istisna olmaqla, yerdə qalanlar qapalı məkanlarda ölü halda tapılıb və əksəriyyətinin evlərində kondisioner olmasına baxmayaraq ondan istifadə etməyiblər.
Yapon səhiyyə rəsmiləri və sinoptiklər susuzluğun qarşısını almaq üçün evdə qalmaq, bol maye içmək və kondisionerdən istifadə etməklə bağlı edilən xəbərdarlıqlarını daim təkrarlayırlar.
Digər tərəfdən, yaşlı insanlar sağlamlığa zərərli olduğunu düşündükləri üçün ümumiyyətlə kondisionerlərdən istifadə etməkdən imtina edirlər.
Ədliyyə tibb ofisi tərəfindən edilən açıqlamada, iyul ayında paytaxt Tokionun 23 böyük rayonunda baş verən isti vurması nəticəsində ölənlərin sayının, 2018-ci ildən bəri ən yüksək səviyyəyə çatdığı ifadə edilib.
Yanğın və Fəlakətlərin İdarə Olunması Agentliyinin məlumatına görə, iyulun birindən 28-dək Yaponiyada 37 mindən çox insan isti vurması səbəbindən xəstəxanalarda müalicə olunub.
İyulda olan orta temperatur son 30 ilin orta göstəricisindən 2,16 dərəcə yüksək olub. Belə ki, ötən ayın havası Yaponiya Meteorologiya Agentliyinin qeyd aparmağa başladığı 1898-ci ildən bəri ən isti iyul ayı kimi qeydə alınıb.
Çərşənbə axşamı Tokionun böyük bir hissəsində və Yaponiyanın qərbində əhaliyə isti vurması ilə bağlı xəbərdarlıq edilib. Bir çox insanın çətir və ya sərinkeş gəzdirdiyi Tokio şəhərinin mərkəzində temperatur təxminən 34 dərəcəyə yüksəlib.
Qeyd edək ki, Meteorologiya agentliyi avqustda havanın temperaturunun 35 dərəcəyə və ya daha yüksək səviyyəyə çatacağını proqnozlaşdırır.