Bakı, TurkicWorld
Rusiya qazı Xəzər dənizinin dibi ilə İrana nəql olunacaq.
TurkicWorld -in məlumatına görə, bunu İranın neft naziri Cavad Ouci bu gün Nazirlər Kabinetinin iclasında deyib.
Onun sözlərinə görə, İranın Milli Qaz Şirkəti ilə Rusiyanın "Qazprom" şirkəti arasında imzalanan 30 illik müqaviləyə əsasən, Rusiyadan İrana gündəlik 300 milyon kubmetr qaz nəql ediləcək.
Ouci əlavə edib ki, Rusiya qazının İrana nəql olunması ilə bağlı infrastrukturların yaradılması üzrə xərclər Rusiya tərəfindən ödəniləcək.
İranlı nazir qeyd edib ki, müqaviləyə əsasən, İrana nəql olunan qazın əlavə hissəsi regionun digər ölkələrinə ixrac olunacaq. Bu müqavilənin illik maliyyə dəyəri 10-12 milyard dollar təşkil edir.
Qeyd edək ki, 26 iyunda İranın Milli Qaz Şirkətinin icra direktoru Məcid Çegeni və Rusiyanın "Qazprom" şirkətinin icraçı direktoru Aleksey Miller arasında Rusiya qazının İrana nəql olunması üzrə sənəd imzalanıb.
Əlavə edək ki, İran təxminən 34 trilyon kubmetr qaz ehtiyatı ilə dünyada qaz ehtiyatına sahib 2-ci ölkə hesab olunur. İranda hazırda 22 qaz yatağı aktivdir.