Bakı. TurkicWorld:
Rusiyanın xarici işlər naziri Sergey Lavrov ölkənin hava limanlarında Tacikistan vətəndaşlarının saxlanılması ilə əlaqədar olaraq tacikistanlı həmkarı Sirojiddin Muhriddinə zəng edib.
TurkicWorld bu barədə Rusiya XİN-ə istinadən xəbər verir.
Lavrov bildirib ki, Rusiyada olan əcnəbi vətəndaşların daha diqqətli yoxlanılmasının əsas səbəbi ölkə qanunvericiliyinə əsasən terrorizmin profilaktikasıdır.
""Crocus City Hall"dakı faciəvi hadisələr ölkəmizə gələn əcnəbi vətəndaşların daha diqqətli yoxlanılmasının əsas səbəbi oldu. Xüsusən görülən tədbirlərin müvəqqəti xarakteri, konkret millətə və ya dinə qarşı yönəlməməsi, buraxılış məntəqələrində vəziyyətin tədricən normallaşdığı vurğulanıb", - Rusiya XİN-dən bildiriblər.
Xatırladaq ki, Tacikistan XİN-in məlumatına əsasən, aprelin 27-nə olan məlumata görə, Moskvada Vnukovo Beynəlxalq Hava Limanında müvəqqəti saxlanılma zonasında lazımi sanitariya şəraiti təmin olunmadan 954 Tacikistan vətəndaşı saxlanılıb.
Aprelin 29-da Tacikistan Xarici İşlər Nazirliyi Rusiyanın ölkədəki səfirinə nota təqdim edib və Rusiyada Tacikistan vətəndaşlarına qarşı açıq-aşkar mənfi münasibətlə bağlı kütləvi hallar, eləcə də onların hüquq və azadlığının hər yerdə pozulması ilə əlaqədar ciddi narahatlıq ifadə olunub.`