Düşənbə. TurkicWorld:
Tacikistan Xarici İşlər Nazirliyi Rusiyanın ölkədəki səfirinə nota təqdim edib.
TurkicWorld bu barədə Tacikistan XİN-ə istinadən xəbər verir.
"Aprelin 29-da Rusiyanın Tacikistandakı səfiri Semyon Qriqoryevə Tacikistan Xarici İşlər Nazirliyinin notası təqdim olunub və Rusiyada Tacikistan vətəndaşlarına qarşı açıq-aşkar mənfi münasibətlə bağlı kütləvi hallar, eləcə də onların hüquq və azadlığının hər yerdə pozulması ilə əlaqədar ciddi narahatlıq ifadə olunub", - məlumatda qeyd olunub.
Tacikistan vətəndaşlarına qarşı bu cür münasibətin Tacikistan-Rusiya əlaqələrinin ruhuna və ənənələrinə zidd olduğu qeyd olunub.
Qeyd edək ki, Tacikistan XİN-in aprelin 27-nə olan məlumatına əsasən, Moskvada Vnukovo Beynəlxalq Hava Limanında müvəqqəti saxlanılma zonasında lazımi sanitariya şəraiti təmin olunmadan 954 Tacikistan vətəndaşı saxlanılıb. Bunların arasında ölkənin təhsil kvotası hesabına Rusiya ərazisində təhsil alan tacikistanlı tələbələr də var. Onlar kifayət qədər isti qida ilə təmin olunmur. Tacikistanlı diplomatlar diaspor nümayəndələrinin əməkdaşlığı ilə Vnukovo hava limanına qida çatdırır.