Bakı. TurkicWorld:
Ermənistan Qərbin əlində Cənubi Qafqazda vəziyyəti gərginləşdirmək üçün sadəcə alətidir.
TurkicWorld xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova bugünkü brifinqdə deyib.
"Aydın məsələdir ki, Vaşinqton və Brüsseldə Rusiya və Ermənistan arasında həm təhlükəsizlik, həm də iqtisadiyyat sahəsində bütün əlaqələri pozmaq, eləcə də, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Avrasiya İqtisadi Birliyinin (AİB) mexanizmlərini korlamaq məqsədi qoyulub.
Qərb ölkələri Cənubi Qafqazda yaxın qonşuların arasını vurmağa çalışır və burada Ermənistan Cənubi Qafqazda vəziyyəti gərginləşdirmək üçün ABŞ və Aİ-nin sadəcə alətidir", - o deyib.
Bundan başqa, Rusiya XİN nümayəndəsi Brüssel görüşündə Aİ, ABŞ və Ermənistan arasında qəbul edilmiş sənədə də münasibət bildirib.
"Sənəddə rus sülhməramlılarının ABŞ, Aİ və NATO mütəxəssisləri ilə əvəz olunması, amerikalıların və Aİ-nin Ermənistan sərhədində Azərbaycan və İrana qarşı pozucu fəaliyyətinin genişləndirilməsi, eləcə də, Ermənistanın kritik əhəmiyyət kəsb edən infrastruktur və enerji sisteminin təkrar yönləndirilməsi nəzərdə tutularsa, buna təəccüblənmərik. Həqiqətən, ABŞ və Aİ nümayəndələri aktiv şəkildə bu fikirləri İrəvana təlqin ediblər", - o deyib.
Xatırladaq ki, Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen, Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Cozep Borrell, ABŞ dövlət katibi Antoni Blinken, ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbəri Samanta Pauer və Ermənistanın baş naziri Nikol Paşinyan aprelin 5-də Brüsseldə görüşüb.
Görüşün yekunlarına əsasən bəyan olunub ki, Aİ Ermənistan üçün 2024-2027-ci illər üçün 270 milyon avro dəyərində Davamlılıq və İnkişaf Planı irəli sürəcək.