Bakı. TurkicWorld:
Ukrayna və Latviya dövlətləri arasında ikitərəfli təhlükəsizlik sazişi imzalanıb.
TurkicWorld xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Telegram" kanalında bildirib.
Litvada səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenski latviyalı həmkarı Edqars Rinkeviçslə birlikdə ikitərəfli təhlükəsizlik sazişi imzalayıb.
Müqaviləyə əsasən, Latviya Ukraynaya hər il ÜDM-in 0,25%-i həcmində hərbi yardım göstərəcək. Latviya kibermüdafiə, minalardan təmizləmə və dron texnologiyaları sahəsində Ukraynaya dəstək vermək üçün 10 illik öhdəlik götürür. Bu sənəd həm də Ukraynanın Avropa İttifaqına (Aİ) və NATO-ya daxil olmasına töhfə verəcək.
"Dost Latviyaya təşəkkür edirəm! Bizim azadlıq və müstəqillik uğrunda mübarizəmizə məhz bu, konkretlik lazımdır", - deyə Zelenski vurğulayıb.
Xatırladaq ki, NATO-nun Vilnüs sammitində G7 ölkələri Ukrayna üçün təhlükəsizlik zəmanətləri haqqında bəyannamə imzalayıblar və sonradan bir sıra digər ölkələr də ona qoşulublar. Müqavilə təkcə hərbi yardımdan deyil, həm də maliyyə və iqtisadi dəstəkdən, eləcə də, Ukraynanın bərpasından bəhs edir. Ukrayna ilə təhlükəsizlik zəmanəti haqqında saziş imzalayan ölkələr arasında Britaniya, Kanada, Almaniya, Fransa, Danimarka, İtaliya, Finlandiya və Niderland da var.