BƏƏ-nin ilk yardım karvanı Qəzzanın şimalına çatıb

BƏƏ-nin ilk yardım karvanı Qəzzanın şimalına çatıb

Bakı. TurkicWorld:

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) ilk yardım karvanının Qəzza zolağının şimalına quru yolu ilə gəldiyini açıqlayıb.

TurkicWorld-un məlumatına görə, bu barədə BƏƏ-nin Müdafiə Nazirliyinin Birgə Əməliyyatlar Komandanlığından verilən yazılı açıqlamada bildirilib.

Qeyd olunub ki, 370 tondan çox humanitar yardım daşıyan karvanda qaçqınlar üçün ərzaq, tibbi ləvazimat və geyim, eləcə də zəruri alət və avadanlıqlar olub.

Açıqlamada həmçinin qeyd olunub ki, humanitar yardım ilk dəfə bir ölkə vasitəsilə Qəzzanın şimalına qurudan daxil olub.

Digər tərəfdən, Müdafiə Nazirliyindən verilən açıqlamada BƏƏ-nin Misir Hərbi Hava Qüvvələri ilə əməkdaşlıq çərçivəsində Qəzza zolağının şimalındakı bölgələrə 29-cu dəfə hava yardımı atdığı qeyd edilib.

Qəzza zolağının şimalındakı boş əraziyə 5 təyyarə ilə atılan 85 ton humanitar yardım materialının arasında ərzaq, bayram paltarları, ayaqqabı, oyuncaq, şirniyyat və müxtəlif məhsulların olduğu bildirilib.