Son dəqiqə

Ermənistan Avropa İttifaqı Peter Stano

Aİ-nin sözçüsü İttifaqın Ermənistana necə yardım edəcəyindən bəhs edib

Bakı. TurkicWorld:

Avropa İttifaqının (Aİ) Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsinin sözçüsü Peter Stano Aİ-nin Ermənistana necə yardım edəcəyindən danışıb.

TurkicWorld xəbər verir, Peter Stano bu barədə "armenpress" erməni saytına müsahibəsində bildirib.

"Bu, Avropa İttifaqının maliyyə vasitəsidir və bunun köməyilə biz ölkələrin dayanıqlılığını, sabitliyini və təhlükəsizliyini möhkəmləndirmək üçün onlara dəstək göstəririk. Avropa Sülh Fondu iki səviyyəyə malikdir. Məsələn, biz Ukraynada hərbçilərə ölkəni müdafiə etməkdə köməklik göstərmək üçün bundan tez-tez istifadə edirik. Lakin digər ölkələrdə bu fonddan məsələn, sülhməramlı missiyalarımızı, yaxud müşahidə və ya monitorinq missiyalarımızı maliyyələşdirmək üçün istifadə edirik. Bu Ermənistana da aiddir. Məsələn, Aİ-nin hazırda Ermənistanda olan missiyası Avropa Sülh Fondu tərəfindən maliyyələşdirilir. Beləliklə, ölkənin təhlükəsizliyi, sabitliyi və dayanıqlılığını dəstəkləməyin bir çox üsulu var", - o deyib.

Qeyd edək ki, ötən gün Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozep Borrell Aİ-nin Ermənistana humanitar yardımını 10,45 milyon avroyadək ikiqat artırdığını və ölkənin xahişi ilə mülki müdafiə mexanizmini aktivləşdirdiyini bildirib.

Bundan başqa Borrel növbəti dəfə Qarabağdakı vəziyyətlə bağlı Azərbaycanın ünvanına ittihamlar səsləndirib. Belə ki, o,19-20 sentyabr tarixlərində Azərbaycanın öz suveren ərazisindən qanunsuz erməni silahlı qüvvələrini çıxarmaq məqsədilə Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərini pisləyib.

Xatırladaq ki, Avropa İttifaqı Ermənistanın Azərbaycanın suveren ərazilərinə qarşı otuz ildən çox davam edən silahlı təcavüzünə, 1 milyondan çox azərbaycanlının məcburi köçkün və qaçqın vəziyyətinə düşməsinə, həmçinin azərbaycanlılara qarşı yönəlmiş etnik təmizləmə siyasətinə və işğal edilmiş Azərbaycan torpaqlarında erməni vandalizminə göz yumduğu halda bu gün Ermənistanı aşkar şəkildə dəstəkləməklə öz qərəzli mövqeyini və ikili standartları nümayiş etdirir.

Azərbaycanla Ermənistan arasında sülh danışıqlarında vasitəçiliyə iddia edən bir qurumun bu cür qərəzli mövqeyindən və təxribat xarakterli hərəkətlərindən sonra Aİ-nin sülh danışıqlarında "vasitəçi rolunun" nə dərəcədə səmərəli olacağı isə sual doğurur.

Mövzuya görə xəbərlər