Xəzəryanı komissiyanın yaradılması regionda sülhün qorunmasında mühüm rol oynaya bilər - Lavrov

Xəzəryanı komissiyanın yaradılması regionda sülhün qorunmasında mühüm rol oynaya bilər - Lavrov

Bakı. TurkicWorld:

Rusiyanın xarici işlər naziri Serqey Lavrov Xəzəryanı komissiyanın yaradılması təklifi ilə çıxış edərək bildirib ki, bu komissiyanın fəaliyyəti regionda sabitliyin və dayanıqlı sülhün qorunmasında mühüm rol oynaya bilər.

TurkicWorld Rusiya mətbuatına istinadla xəbər verir ki, S. Lovrov Xəzər "beşliyi"nə daxil olan dövlətlərin (Rusiya, Azərbaycan, İran, Türkmənistan, Qazaxıstan) birgə fəaliyyətinin səmərəli olacağını diqqətə çatdırıb.

Nazir qeyd edib ki, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin formalaşması və tam gücü ilə fəaliyyətə başlaması Xəzəryanı dövlətlərin coğrafi mövqeyindən asılıdır. Bu beynəlxalq layihə Xəzər ətrafındakı bütün dövlətlərin maraqlarına cavab verir və onun reallaşması üçün birgə səylər daha effektli ola bilər. Bu və beynəlxalq əhəmiyyət daşıyan digər nəqliyyat layihələrinin reallaşdırılması üçün Xəzər ətrafındakı dövlətlərin qarşılıqlı əməkdaşlıq əlaqələrinin gücləndirilməsi zəruridir.

S. Lavrov bildirib ki, Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın bütün dövlətlər tərəfindən imzalanması əməkdaşlıq üçün geniş hüquqi baza yaradıb.