Bakı. TurkicWorld:
Türkiyənin Qaziantep vilayətində yerləşən Nurdağı rayonunda "ağıllı kənd" layihəsi çərçivəsində tikilən evlər bu gün zəlzələdən zərərçəkənlərə təhvil veriləcək.
TurkicWorld xəbər verir ki, bu barədə ölkənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum özünün "Twitter" hesabında paylaşım edib.
"Biz tuta bilməyəcəyimiz heç bir vəd vermirik. Əsrin fəlakətindən 76 gün sonra ilk kənd evlərimizi bu gün təhvil veririk. İnşallah 319 min evin açarı da 365-ci gündə zərərçəkənlərin əlində olacaq", - deyə nazir bildirib.
Qeyd edək ki, zəlzələlər nəticəsində böyük ziyan görən Nurdağıda zərərçəkənlərə ilk daimi yaşayış yerlərinin təhvil verilməsi üçün bu gün Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə mərasim keçiriləcək.
Məlumata görə, Ətraf mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyi və AFAD-ın koordinasiyası ilə şəhərdən 15 kilometr uzaqlıqdakı Belpınar Məhəlləsində 14 ev tikilib. Evlərin tikintisi 44 gün ərzində tamamlanıb. Bu, 6 fevral 2023-cü il zəlzələsindən sonra təhvil veriləcək ilk daimi yaşayış yeridir. Layihə çərçivəsində zəlzələdən sonra təhvil veriləcək ilk kənd məscidinin də tikintisi başa çatıb.