Bakı, TurkicWorld
Bu gün Füzuli Şəhəri Günüdür. Bu əlamətdar günün təsis olunması Füzuli şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır. Bu gün şəhərin erməni işğalçılarından təmizlənməsindən 4 il ötür. Füzuli şəhəri uğrunda 2020-ci ilin 27 sentyabrından başlanan 17 oktyabr tarixinə kimi davam edən döyüşlər Vətən müharibəsinin ən çətin dövrünə təsadüf edib.
Düşmən xeyli canlı qüvvə və texnika itkisi verərək ərazini tərk etmək məcburiyyətində qalır. Əməliyyatlar nəticəsində Ermənistan ordusunun mühəndis-istehkam rəisi, polkovnik Aşot Qazaryan məhv edilir. Ermənistan ordusu xeyli canlı qüvvə və texnika itirir.
Şəhərin və ətraf yüksəkliklərin işğaldan azad edilməsi döyüş əməliyyatlarında iştirak etmiş Azərbaycan ordusunun zabiti döyüşlər zamanı şəhid olan silahdaşlarını ehtiramla andığını və sözügedən əməliyyatlarla bağlı öz fikirlərini bildirib: "Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın 27 sentyabr əmri ilə Ermənistan ordusunun hücumunun qarşısını alaraq əks-hücum əməliyyatı həyata keçirdi. Bu əməliyyat zamanı Füzuli rayonu istiqamətində Alxanlı kəndindən ön xətt yarılaraq Füzuli rayonu istiqamətinə əməliyyat başlandı və həmin istiqamətdə irəliləyərək – bir neçə gün döyüşlər davam eləsə də, biz ordumuz sayəsində öz istəyimizə nail olduq. Yəni düşmənin döyüş əzmini qıraraq Füzuli rayonunun bir neçə kəndi azad etdik. Kəndləri azad etdikdən sonra Məngələnata dağına irəliləməyə başladıq. Məngələnata dağının strateji əhəmiyyəti çox böyük olduğuna görə biz buranı azad etmək məcburiyyətində idik".
Üstəlik Füzulinin təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycan Ordusunun cənub cəbhəsi boyunca irəliləməsi üçün geniş imkanlar yaradır. Cəbhə xəttinin Azərbaycanın bu istiqamətdə olan yaşayış məntəqələrindən uzağa keçməsi, onların asan düşmən hədəfi olmasından qoruyur. Şəhər uğrunda gedən döyüşlərin son fazasından öncə 16 oktyabr tarixində Azərbaycan Silahlı Qüvvələri Xocavənd rayonunun Ağbulaq, Axullu və Xırmancıq kəndlərini işğaldan azad edir. Şəhərin azad olunmasından öncə artıq şəhər bir necə istiqamətdə Azərbaycan Ordusu tərəfindən mühasirəyə alınır. Nəhayət 16 oktyabrdan 17-nə keçən gecə şəhər uğrunda şiddətli döyüş başlayır. Şanlı Azərbaycan Ordusunun aramsız həmlələri nəticəsində Füzuli rayonunun Qoçəhmədli, Çimən, Musabəyli, Pirəhmədli, Dədəli, İşıqlı, Cuvarlı kəndləri və Füzuli şəhəri işğaldan tam azad edilir.
Media-turda iştirak edən hərbi şərhçi Ramil Məmmədli qeyd edib ki, Füzuli şəhəri və Məngələnata dağının azad edilməsi düşmənin ətraf əraziləri birləşdirən rabitə-təminat yollarının bağlanması ilə nəticələndi:
"Oktyabr ayının təxminən 4-ü-5-i tarixlərindən başlayaraq Azərbaycan ordusu Hadrut və Füzuli istiqamətlərində hərbi əməliyyatlara başladı. 7-i-9-u tarixlərində Cəbrayıl rayonundan keçməklə Hadrut və Ərgünəş dağının azad edilməsindən sonra artıq Füzulinin işğaldan azad edilməsi əməliyyatının başlanğıcı kimi qiymətləndirmək olar. Azərbaycan Ordusu əslində daha əvvəl Füzulini işğaldan azad etmək istəyirdi. Sadəcə məlum olduğu kimi Füzuli şəhəri və ətraf yaşayış məntəqələri düşmənin birinci və ikinci müdafiə eşelonuna daxil olduğuna görə Azərbaycan ordusu bu amilləri nəzərə alaraq və vaxt itkisinə yol verməməsi üçün məhz Hadrutu və Ərgünəş dağını işğaldan azad etdi. Bununlada Qırmızı Bazar-Şuşa-Xankəndi-Füzuli arasında olan təminat-təchizat yollarını bağlaya bildi. İkinci mərhələdə isə artıq Füzuli ilə Hadrut yaşayış məntəqəsi arasında olan təminat yollarını bağlamaq və həmin əraziləri işğaldan azad etmək idi. Məhz bu məqsədlə Azərbaycan Ordusu Məngələnata yüksəkliyini işğaldan azad etdi. Bununla da Qarğabazar və Füzuli şəhəri tam nəzarətə götürüldü".
Füzuli əməliyyatı Azərbaycan Ordusunun İkinci Qarabağ müharibəsində cənub-şərq cəbhəsində baş verən ən əhəmiyyətli döyüşlərdən biri olub. Füzulinin keçmiş təmas xəttində yerləşən bir neçə müdafiə xəttinin yarılması Azərbaycan Ordusunun cənub cəbhəsi boyunca irəliləməsi üçün geniş imkanlar yaradıb. Rayonun azad edilməsi Vətən müharibəsinin gedişatında strateji əhəmiyyət kəsb edirdi. Azərbaycanın Vətən müharibəsində düşmən üzərində qalib gəlməsindən 6 gün sonra – 2020-ci il noyabrın 16-da Prezident İlham Əliyev və və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilən Füzuli rayonunda olurlar. Dövlət başçısı Füzuli şəhərində şanlı Azərbaycan bayrağını qaldırdı.