"Dhapress" media layihəsi Azərbaycan və Türkiyənin informasiya texnologiyaları sahəsində uğurlarını sərgiləyəcək - Sevil Mikayılova

"Dhapress" media layihəsi Azərbaycan və Türkiyənin informasiya texnologiyaları sahəsində uğurlarını sərgiləyəcək - Sevil Mikayılova

Bakı. TurkicWorld:

Media sahəsində ölkəmizin atdığı vacib addımlardan birini qeyd edirik.

TurkicWorld xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Sevil Mikayılova "Demirören Holding"in İstanbulda yerləşən baş ofisində Trend BİA və Türkiyənin nüfuzlu Demirören (DHA) informasiya agentliyinin birgə layihəsi olan "www.dhapress.com" portalının təqdimatı mərasimində çıxışı zamanı deyib.

"Çox qürurluyuq ki, 2021-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin təqdimatı ilə parlamentə daxil olan sənədi ("Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında") qəbul etdik. Üzərindən çox az bir zaman keçib.

Biz artıq Türkiyə və Azərbaycan media mənsublarının bu qanunun icra olunması üçün və ortaq media platformasının həyata keçirilməsi üçün real layihələrlə çıxış etdiyini görürük. Bu layihənin özəlliyi beynəlxalq aləmdə daha da kəsərli olacaq.

Trend İnformasiya Agentliyi ilk növbədə yeni texnoloji layihə ilə çıxış edib. Bəziləri hesab edirdi ki, bu sahədə yalnız bəlli ölkələr irəliyə gedə bilər. Amma biz bu gün milli məhsulumuzu təqdim edirik. Bizim bu uğurumuz hər iki dövlətin elm və informasiya texnologiyaları sahəsində uğurlarını sərgiləməyə kömək olacaq. Bu, böyük məsuliyyətdir. Hər iki tərəf bu layihənin irəliyə aparılması üçün bütün mümkün səylərini, bacarıqlarını ortaya qoyacaq. Bu sahədə əməkdaşlığımızı daha da genişləndirməliyik. Biz informasiya sahəsində də bütün təhdidləri dəf edəcəyik, təhlükələrə birlikdə sinə gərəcəyik", - deyə S.Mikayılova bildirib.

Xatırladaq ki, "Demirören Holding"in İstanbulda yerləşən baş ofisində Trend BİA və Türkiyənin nüfuzlu Demirören (DHA) informasiya agentliyinin birgə layihəsi olan "www.dhapress.com " portalının təqdimat mərasimi baş tutub. "www.dhapress.com" layihəsi Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycan-Türkiyə birgə media platformasının yaradılmasına dair irəli sürdüyü təşəbbüs çərçivəsində həyata keçirilib. Portalın unikal xüsusiyyəti Azərbaycan dilində xəbər lentinə malik olmasıdır. İlk dəfə Türkiyənin media bazarında Azərbaycan xəbərləri Azərbaycan dilində təqdim olunacaq. Təqdimat mərasimində Azərbaycanın İstanbuldakı baş konsulu Nərminə Mustafayeva, "Demirören Holding"in rəhbəri Yıldırım Demirören, "Demirören Holding"in sədr müavini Məltəm Demirören, "DHA"-nın baş direktoru Cəlal Qorqud, Trend BİA-nın direktoru İlqar Hüseynov, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, Audiovizual Şuranın sədri İsmət Səttarov, Milli Məclisin deputatı Sevil Mikayılova, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, Türkiyə və Azərbaycanın rəsmi şəxsləri və ictimai xadimləri, iki ölkənin işgüzar dairələrinin nümayəndələri, eləcə də, Türkiyədə akkreditasiya olunmuş yerli və xarici KİV nümayəndələri iştirak ediblər.