Bakı. TurkicWorld:
Bu gün müzakirə etdiyimiz Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabat əhatəli hazırlanıb, ölkəmizin sosial-iqtisadi, siyasi, mədəni həyatının bütün sahələrində görülmüş işləri əks etdirir. İşğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinin yüksək sürətlə aparılması və 2030-cu ilə qədər ökəmizin 5 prioritetindən biri olan böyük qayıdışın uğurla icra olunması xüsusən diqqətəlayiqdir.
TurkicWorld xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı deputat Sevil Mikayılova deyib.
S.Mikayılova qeyd edib ki, hesabat Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müəyyən etdiyi sosial-iqtisadi inkişaf strategiyasının ötən il ərzində də uğurla icra edildiyini göstərir və ölkəmizin bundan sonra da qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gələcəyinə, inkişaf strategiyasının uğurla davam edəcəyinə əminlik yaradır.
"Qeyri-neft sektorunda iqtisadi fəallığın təmin edilməsi, ixrac imkanlarının genişləndirilməsi, yerli istehsalın stimullaşdırılması və investisiyaların təşviqi üçün mühüm tədbirlər görülüb. Bunun nəticəsidir ki, ÜDM istehsalı 2023-cü ildə 2022-ci illə müqayisədə, qeyri-neft sektorunda 3.7%, sənayenin qeyri-neft sektorunda istehsalı isə 8% artıb. Təqdirəlayiqdir ki, 2023-cü ildə sosialyönümlü tədbirlər davam etdirilib. Ünvanlı dövlət sosial yardımı, pensiyalar, müavinətlər, sosial sığorta ayırmaları ötən illə müqayisədə, orta hesabla 20%-dən çox artıb.
Ölkəmizin iqlim dəyişikliklərinin yaratdığı qlobal çağırışlara cavab olaraq BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin İqlim Dəyişikliyinə qarşı mübarizə çərçivəsində həyata keçirdiyi miqyaslı layihələr xüsusi əhəmiyyət daşıyır. Bütün ölkə ərazisində, işğaldan azad olunuş ərazilər də daxil olmaqla, alternativ enerji mənbələrindən geniş istifadə hədəflər arasındadır və "yaşıl iqtisadiyyat"ın inkişaf etdirilməsi qarşıya qoyulan mühüm tapşırıqlardan biridir", - deyə S.Mikayılova əlavə edib.
Milli Məclisin deputatı Sevil Mikayılova, eyni zamanda, Xaçmaz rayonunda hələ də həllini gözləyən bəzi məsələləri diqqətə çatdırıb.
"Seçiciləri ciddi narahat edən problemlərdən biri yol infrastrukturu, xüsusən kəndlərarası yollar, eləcə də, körpülərlə bağlıdır. Belə ki, rayonun Bostançı, Maqsudkənd, Qıraqlı, Qımılqışlaq, Əhmədoba və Şimal qəsəbəsinə gedən yollarda asfalt örtüyü yararsız vəziyyətdədir və vətəndaşlar üçün ciddi problemlər yaradır.
Diqqətinizə çatdırmaq istədiyim digər bir məsələ isə rayonda bir sıra orta məktəblərin təmirə ehtiyacının olması ilə bağlıdır. Son illərdə Xaçmaz rayonunda yeni məktəblər tikilib və əsaslı təmir olunub, bu, sakinlərdə məmnuniyyət yaradır. Lakin Ləcət, Mürşüdoba kənd orta məktəblərinin, Maqsudkənd, Qarabağlı, Qarğalıq, Ağtala və Digahoba məktəblərinin təmirinə ciddi ehtiyac var.
Bundan əlavə, rayonda mədəniyyət müəssisələrinin, o cümlədən, mədəniyyət klubları, kitabxanalar, diyarşünaslıq müzeylərinin vəziyyəti qeyri-qənaətbəxşdir. Sakinlərin istirahəti, asudə vaxtın təşkili üçün bu müəssisələrin qeydiyyata alınaraq, bərpasına və yenidən qurulmasına hökumətin xüsusi diqqət ayırmasına ehtiyac var.
Sonda bildirmək istəyirəm ki, hesabat əhatəli hazırlanıb və 2023-cü ilin uğurlu göstəriciləri 2024-cü il üçün də pozitiv baza formalaşdırır", - deyə S.Mikayılova əlavə edib.