Bakı. TurkicWorld:
Azərbaycanda həyata keçirilən infrastruktur layihələri nəticəsində əhalinin rahatlığının təmin olunması üçün əlverişli şərait yaradılıb. Elektrik enerjisi, avtomobil yolları, dəmir yolları, su kəmərləri, içməli su layihələri, o cümlədən suvarma ilə bağlı olan layihələr artıq öz səmərəsini göstərir.
Bunu TurkicWorld-ə açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.
S.Mikayılova bildirib ki, Azərbaycanda bir çox infrastruktur layihələri gerçəkləşib. Ölkədə qazlaşdırmanın səviyyəsi 96 faizə çatıb. Elektrik enerjisi ilə təminat və yeni elektrik stansiyalarının yaradılması geniş vüsət alıb və əhəmiyyətli dərəcədə irəliləyişə nail olunub.
"Azərbaycanda bütün layihələr Prezident İlham Əliyevin də vurğuladığı kimi planlı şəkildə icra olunur. İqlim dəyişikliyi ilə bağlı bütün dünyada narahatlıq doğuran məsələlərdən biri isə su ilə bağlıdır. Bu il kifayət qədər qar, yağış yağması səbəbindən bizim su hövzələrimizdə, su anbarlarında kifayət qədər su var, lakin biz daha öncəki illərdə quraqlıqla bağlı müəyyən problemlər yaşadıq.
Dövrümüzün iqlim problemləri su ehtiyatlarından effektiv istifadəni vacib edən amillərdəndir", - deyə deputat əlavə edib.
Deputat onu da qeyd edib ki, Yuxarı Şirvan suvarma kanalının bərpası Azərbaycanın su ehtiyatlarından səmərəli istifadəsi üçün gördüyü tədbirlərdəndir: "Əslində bu kanal yenidən inşa ediləcək desək yanılmarıq, çünki sözügedən kanal 1958-ci ildə inşa edilib. İllər keçdikcə kanalın böyük hissəsi sıradan çıxıb. İtkilərə və su sızmalarına görə ətraf torpaq sahələri şoranlaşıb, əkin üçün yararsız vəziyyətə düşüb.
Kanalın yenidən qurulması ilə minlərlə insan bu layihədən faydalanacaq. 120 kilometrlik kanalın uzunluğu təxminən iki dəfə artırılacaq və 200 kilometrdən çox olacaq. Bu da həmin ərazilərdə əkin sahələrinin 2 dəfədən çox artırılmasına imkan verəcək. Ümumilikdə bu layihə nəticəsində 230 min hektar əkin sahəsini suvarmaq mümkün olacaq".
S.Mikayılova vurğulayıb ki, su ehtiyatlarından effektiv istifadə istiqamətində görülən işlər tək bununla da yekunlaşmır. Eyni zamanda Taxtakörpü və Şəmkirçay su anbarları əhəmiyyətli layihələr idi. Gələn il inşasına başlanılacaq Qarabağ kanalı da böyük bir ərazini əhatə edəcək. Artıq qəbul edilmiş proqram əsasında Azərbaycanda 10-dan çox su anbarı inşa ediləcəkdir. Məsələn, Qəbələ rayonundakı Yengicə su anbarının inşasına artıq start verilmişdir: "O anbar inşa ediləndən sonra orada bu günə qədər suvarılmayan 10 min hektar torpaq, əkin sahələri suvarılacaq. Bir neçə ildən sonra ən azı 500 min hektardan çox torpağa su veriləcəkdir. Əlbəttə suya qənaət hər birimizin öhdəliyinə düşən məsələlərdəndir və Azərbaycan dövləti üzərinə düşən bütün vəzifələri icra edir".
S.Mikayılova onu da bildirib ki, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur mövcud olan su resursları Azərbaycanın ümumi su resurslarımızın 25 faizini təşkil edir.
"Artıq Azərbaycan bütün su hövzələrinə tam sahib olub. Bir müddət əvvəl Ağdam rayonunda Xaçınçay su anbarının açılışı oldu. Füzuli rayonundakı Köndələnçay su anbarının yaxın gələcəkdə açılışı olacaqdır. Hazırda Zabuxçay su anbarının inşası gedir. Suqovuşan su anbarı demək olar ki, yenidən qurulub və o anbardan çıxan iki kanalın biri artıq tam təmir edilib, ikinci kanal da təmir ediləcək.
Görülən bütün infrastruktur layihələri imkan verir ki, həm azad olunmuş ərazilərdə, həm də digər bölgələrimizdə kənd təsərrüfatının inkişafı üçün böyük perspektivlər yaransın. Əminik ki, icra olunan layihələr və ən müasir texnologiyaların tətbiqi nəticəsində ölkəmizdə həm taxılçılıq, həm meyvəçilik, bostançılıq, üzümçülük və digər kənd təsərrüfatı sahələri geniş vüsət alacaq, mövcud göstəricilər daha da yüksələcək", - deyə Sevil Mikayılova qeyd edib.