Bakı. TurkicWorld:
Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən bütün beynəlxalq layihələr ölkəmizin nüfuzunu artıraraq, milli maraqlarımıza xidmət edir. Enerji təhlükəsizliyin təmin olunması Azərbaycanın prioritet hesab etdiyi məsələlərdəndir. Enerji təhlükəsizliyi istiqamətində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında səsləndirilən fikir və təkliflər böyük əhəmiyyət daşıyır.
Bunu TurkicWorld-ə açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.
Deputat qeyd edib ki, Azərbaycan ənənəvi enerji resurslarının istehsalçısı olmasına baxmayaraq, "yaşıl enerji"nin inkişafı istiqamətində də böyük işlər görür:
"Bu gün Azərbaycan "yaşıl enerji"yə keçid prosesini kifayət qədər sürətləndirib. Azərbaycan bu istiqamətdə də öz töhfələrini verməkdədir. Beynəlxalq ictimaiyyətin Azərbaycana olan etimadı durmadan artmaqdadır. COP29-un Azərbaycanda keçirilməsi ilə bağlı qərar da bunu təsdiqləyir. Belə bir mötəbər tədbirin keçirilməsinin Azərbaycana həvalə edilməsi bir tərəfdən ölkəmizə olan beynəlxalq etimaddırsa, digər tərəfdən, Bakının güclü "yaşıl" gündəliyə malik olmasıdır.
Prezident İlham Əliyev həm iclasdakı çıxışında, həm də "Euronews" televiziyasına müsahibəsində Azərbaycanın əsas olaraq müəyyənləşdirdiyi "yaşıl enerji"yə keçid prosesi barədə ətraflı məlumat verdi.
Prezident İlham Əliyevin də vurğuladığı kimi, Azərbaycan "yaşıl enerji" gündəliyini uğurla icra edir. Bu il Azərbaycanda "Yaşıl dünya naminə həmrəylik ili" elan olunması da bu sahədə atılan addımların davamıdır. Azərbaycanın bərpaolunan enerji layihələri yüksək göstəricilərə malikdir. Azərbaycanda günəş elektrik stansiyasının gücü 230 meqavatdır. İmzalanmış müqavilələrə və anlaşma memorandumlarına əsasən, 2030-cu ilədək 5 min meqavata qədər, yəni 5 qiqavat günəş və külək enerjisinin istehsalı planlaşdırılır. Azərbaycanın göstəriciləri imkan verir ki, ölkəmiz Avropaya "yaşıl enerji"nin önəmli ixracatçılarından birinə çevrilsin", - deyə S.Mikayılova əlavə edib.
Millət vəkili onu da qeyd edib ki, Avropa İttifaqının üzləşdiyi enerji böhranından sonra alternativ mənbələrin tapılmasına ehtiyac yarandı.
"Avropa üçün ən sərfəli alternativ Xəzər qazının Avropa bazarlarına çatdıran Cənub Qaz Dəhlizinin imkanlarının artırılmasıdır. Cənub Qaz Dəhlizi tamamilə yeni marşrutdur. Bu gün ona artıq bir çox marşrutlar – interkonnektorlar əlavə edilib. Azərbaycan 8 ölkəyə qaz nəql edir ki, onlardan altısı Avropa ölkəsidir. Ötən il Avropada istifadəyə verilmiş interkonnektor layihələrinin təməlində, ilk növbədə, Cənub Qaz Dəhlizi layihəsi dayanır", - deyə S.Mikayılova əlavə edib.
Deputat qeyd edib ki, ötən il baş verən vacib hadisələrdən biri Xəzər dənizinin Azərbaycana məxsus sektorunda yerləşən "Abşeron" qaz-kondensat yatağında təbii qazın kommersiya hasilatı oldu.
"Bu, "Şahdəniz"dən sonra ikinci nəhəng qaz ehtiyatlarının kəşfi deməkdir. "Abşeron" qaz-kondensat yatağı bizim gələcək şaxələndirmə layihələrimizin resurs bazasını təşkil edəcək. "Abşeron" layihəsinin ilk fazası artıq təsdiqlənib. Orada illik hasilatın 1.5 milyard kubmetr həcmində olmasını gözləyirik. İkinci faza ilə bağlı razılıqdan sonra daha 4-5 milyard kubmetr həcm əlavə ediləcək ki, onun böyük əksəriyyəti beynəlxalq bazarlara nəql olunacaq", - deyə S.Mikayılova bildirib.
O vurğulayıb ki, Cənub Qaz Dəhlizinin bir hissəsi kimi tikilən TANAP-ın Avropa hissəsi olan TAP-ın illik ötürmə qabiliyyəti 10 milyard kubmetr qiymətləndirilir və bu kəmərin ötürücülük qabiliyyətinin iki dəfə artırılması nəzərdə tutulur:
"Aİ ölkələri Azərbaycan qazının alışını genişləndirdikcə investisiyaların daha da artması gözlənilir. Prezident İlham Əliyevin əvvəllər də bəyan etdiyi kimi, Azərbaycan yataqlarındakı təbii qaz ehtiyatları ölkəyə və onun tərəfdaşlarına ən azı 100 il kifayət edəcək", - deyə S.Mikayılova əlavə edib.