Qaradağlı qətliamından sonra qəbirlər də dağıdılıb

Qaradağlı qətliamından sonra qəbirlər də dağıdılıb

Bakı. TurkicWorld:

İşğaldan azad edilmiş ərazilərdə erməni vəhşilikləri, qeyri-insani davranışları ardıcıl olaraq üzə çıxır. Növbəti belə vəhşilik isə Xocavənd rayonu Qaradağlı qəbiristanlığının dağıdılmasıdır.

Ermənilər insanlıq hisslərini o qədər itirib ki, ölülərə qarşı da vandalizm hərəkətləri həyata keçiriblər. Ermənilər işğaldan azad edilmiş ərazilərdə bütün qəbiristanlıqları bu cür məhv ediblər. Ermənilərin bu cür davranışı vandalizmin ən iyrənc formasıdır. Ermənilərin azərbaycanlılara məxsus məzarları bu cür talan etməsinə ad tapmaq çətindir. Onlar sanki ölülərdən də intiqam almağa çalışıblar.

Ermənistan tərəfindən işğal dövründə azərbaycanlılara məxsus qəbiristanlıqların kütləvi şəkildə və qəsdən dağıdılması, qəbirlərin və ölülərin təhqir edilməsi, qəbirüstü abidələrin talan edilməsi bəşəriyyətə qarşı bir cinayətdir. İşğal dövründə ümumilikdə 900-dən çox qəbiristanlıq ya tamamilə dağıdılaraq yerlə bir edilib, ya da cəsədlər çıxarılıb, təhqir olunub.

Füzuli, Ağdam, Zəngilan, Kəlbəcər və Cəbrayılda onlarla azərbaycanlı qəbiristanlığının sistemli şəkildə dağıdılması sənədləşdirilib. Qəbirlər təhqir olunub, onların ağır tikinti texnikası ilə dağıdılması, qəbir daşlarının zədələnməsi, insan qalıqlarının ekshumasiyası izləri aşkar edilib.

Azərbaycanlı qəbirlərindən qalıqlar qızıl dişlərin çıxarılması məqsədilə ekshumasiya edilib, bundan sonra kəllə və sümüklər qəbiristanlıq boyunca səpələnib.

Bu cür hərəkətlər insanlıq çərçivəsindən uzaqdır. Ermənilər bu iyrənc əməlləri ilə doğma torpaqlarına qayıdan azərbaycanlıların doğmalarının və yaxınlarının məzarlarını ziyarət etmək imkanından da məhrum ediblər.

Tarix boyu türklərə qarşı soyqırımı həyata keçirməkdən çəkinməyən ermənilər XX əsrin sonlarında bütün bəşəriyyətə və insanlığa ləkə olan növbəti cinayəti – Qaradağlı soyqırımını həyata keçirdilər.

1992-ci il fevralın 17-də Qaradağlı kəndi erməni silahlı quldur birləşmələri tərəfindən işğal olunub, kənddə olan 118 nəfər əsir götürülüb. Əsir götürülənlərdən əksəriyyəti gənclər olmaqla 33 nəfəri kəndin yaxınlığında vəhşicəsinə güllələnib, öldürülənləri və yaralı halda olanları bir yerdə təsərrüfat quyusuna tökərək üstlərini torpaqla örtüblər. Əsir götürülənlərdən 68 nəfəri öldürülüb, 50 nəfəri böyük çətinliklərlə azad edilib.

Kənddə 2 ailənin hər birindən 4 nəfər, 6 ailədən 2 və 3 nəfər öldürülüb, 43 ailə öz başçısını itirib, 1 ailədən hər iki valideyn qətlə yetirilib. Qaradağlı kənd sakinlərinin hər 10 nəfərindən biri qətlə yetirilib. Öldürülənlərdən 21 nəfəri ahıl və qoca, 10 nəfəri qadın, 8 nəfəri məktəbli olub. 146 uşağın yetim qalması ilə nəticələnən Qaradağlı faciəsi ermənilərin xəstə təfəkkürdən doğan niyyətlərinə çatmaq üçün Azərbaycan xalqına qarşı həyata keçirdikləri soyqırımı siyasətinin ən qanlı səhifələrindən biridir.