Son dəqiqə

Özbəkistan SOCAR-ın energetika sahəsinin rəqəmsallaşdırılması üzrə təcrübəsini öyrənir

Bakı,TurkicWorld

Özbəkistan nümayəndə heyəti noyabrın 27-də qazpaylayıcı şəbəkələr, neft emalı, neft-kimya, sənayenin rəqəmsallaşdırılması və bərpaolunan enerji sahələrində əməkdaşlıq imkanlarını öyrənmək məqsədilə Azərbaycanın Dövlət Neft Şirkətinin (SOCAR) bir sıra obyektlərini ziyarət edib.

Özbəkistanın Energetika Nazirliyinin məlumatına görə, nümayəndə heyətinə Özbəkistan Prezidentinin yanacaq-energetika kompleksi məsələləri üzrə müşaviri Bexzod Narmatov və energetika naziri Şerzod Xocayev rəhbərlik ediblər.

SOCAR-ın prezidenti Rövşən Nəcəfin müşayiəti ilə nümayəndə heyəti "Azəriqaz" İstehsalat Birliyinin Dispetçer Mərkəzini ziyarət edərək "Smart Gas Network" layihəsinin icrası, qazpaylayıcı şəbəkələrin idarə olunması və bu sahədə tətbiq edilən rəqəmsal texnologiyalarla tanış olub.

Qaz təchizatı proseslərinin rəqəmsallaşdırılması, təbii qazın uçot sisteminin təkmilləşdirilməsi, paylama zamanı itkilərin azaldılması və qaz infrastrukturunun əməliyyat səmərəliliyinin artırılması məsələlərinə xüsusi diqqət yetirilib.

"SOCAR Downstream Management"ə səfər zamanı tərəflər neft emalı və neft-kimya sənayesinin inkişafı, eləcə də istehsalın səmərəliliyinin artırılması imkanları barədə fikir mübadiləsi aparıblar.

Özbəkistan nümayəndə heyəti, həmçinin "SABAH.city" innovasiya mərkəzini ziyarət edərək SOCAR-ın sənaye obyektlərində innovativ həllərin və rəqəmsal texnologiyaların tətbiqi üzrə yanaşmaları ilə tanış olub.

Bundan əlavə, SOCAR nümayəndələri "SOCAR Green" şirkətinin əsas fəaliyyət istiqamətləri, həyata keçirilən layihələr və bərpaolunan enerji sahəsinin inkişafı üzrə planlar barədə məlumat veriblər.

Səfər Özbəkistan nümayəndə heyətinə Azərbaycanın enerji infrastrukturunda rəqəmsal texnologiyaların tətbiqi, sənaye proseslərinin modernləşdirilməsi və bərpaolunan enerji güclərinin artırılması sahəsində təcrübəsi ilə tanış olmaq imkanı yaradıb.