Bakı.TurkicWorld :
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Türkiyədə iki qızıl mədəninin inkişafı və genişləndirilməsi layihələrini 100 milyon dollara qədər kreditlə maliyyələşdirməyi nəzərdə tutur. İnvestisiyanın əsas istiqamətləri İvrindi mədəninin istehsal gücünün artırılması və Bayramiç qızıl-gümüş mədəninin tikintisidir.
Bu barədə AYİB məlumat yayıb.
Bildirilib ki, kredit TÜMAD Madencilik və Altınkale Madencilik şirkətlərinə ayrılacaq. Maliyyələşdirmə ümumi dəyəri 576,5 milyon dollara qədər olan sindikatlaşdırılmış kredit paketinin bir hissəsi olacaq.
Bankın məlumatına görə, layihələrin həyata keçirilməsi ilə Türkiyədə qızıl istehsalının artırılması, yerli məşğulluğun genişləndirilməsi və dağ-mədən sektorunda peşə bacarıqlarının inkişafı dəstəklənəcək. Bu çərçivədə qadınların ənənəvi olaraq kişilərin üstünlük təşkil etdiyi mədən sənayesində məşğulluğunun artırılması da nəzərdə tutulur.
AYİB maliyyələşdirmənin 20 faizinin iqlim məqsədlərinə uyğun fəaliyyətlərə yönəldiləcəyini bildirib. Bu vəsait enerji səmərəliliyinin artırılması, karbon emissiyalarının azaldılması və su ehtiyatlarından daha səmərəli istifadə tədbirlərini əhatə edəcək.
Layihələrin qiymətləndirilməsi zamanı ekoloji və sosial risklər də nəzərə alınıb. Bank meşə sahələrinin qorunması, biomüxtəlifliyin mühafizəsi, su ehtiyatlarının idarə olunması və istehsalat təhlükəsizliyi üzrə əlavə tədbirlərin görülməsini tələb edir.
AYİB, həmçinin layihələrin həyata keçirilməsi zamanı təhlükəsizlik standartlarına nəzarəti gücləndirəcək. Bu qərar hər iki mədəndə 2026-cı ilin sentyabr və noyabr aylarında baş vermiş, üç nəfərin ölümü ilə nəticələnmiş istehsalat qəzalarından sonra əlavə müstəqil yoxlamaların keçirilməsini də nəzərdə tutur.
Məlumata görə, hər iki layihənin tikintisinin 2027-ci ildə başa çatdırılması gözlənilir.