Bakı,TurkicWorld
Daşkənddə Özbəkistan Respublikası ilə Pakistan İslam Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 9-cu iclası və Özbəkistan-Pakistan Biznes Forumu keçirilib.
TurkicWorld xəbər verir ki, tədbirdə Özbəkistanın sənaye və ticarət naziri Ləziz Kudratov, Pakistanın ticarət naziri Cam Kamal Xan, o cümlədən müvafiq nazirlik və idarələrin rəsmiləri, iki ölkənin 100-dən çox iri sənaye müəssisəsinin rəhbərləri iştirak ediblər.
Görüşdə ticarət, investisiya, sənaye kooperasiyası, nəqliyyat və logistika sahələrində əməkdaşlığın hazırkı vəziyyəti müzakirə edilib.
Tərəflər, həmçinin iki ölkə arasında nəqliyyat sisteminin inkişafı və yüklərin daşınmasının sadələşdirilməsi üzrə tədbirlərin görülməsi barədə razılığa gəliblər.
Qeyd edək ki, Özbəkistan ilə Pakistan arasında ticarət dövriyyəsinin həcmi son beş ildə 3 faiz, bu ilin əvvəlindən isə 10 faiz artaraq 300 milyon dolları keçib. Bu dövrdə birgə müəssisələr də üç dəfə artaraq 128-ə çatıb. 2023-cü ildə avtomobillə daşınan yüklərin həcmi təxminən 6,5 dəfə artaraq 354 min tona çatıb.