Bakı, TurkicWorld
Özbəkistan Asiya İnfrastruktur İnvestisiya Bankının (AİİB) Dayanıqlı İnkişaf Məqsədlərinə verdiyi töhfəni yüksək qiymətləndirir.
TurkicWorld xəbər verir ki, bu barədə Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Səmərqənd şəhərində AİİB-in İdarə Heyətinin illik toplantısında deyib.
"İnfrastruktur, enerji, nəqliyyat, su təchizatı və davamlı inkişaf sahələrində AİİB ilə 3 milyard dollar dəyərində 15 layihə həyata keçirilir. Məmnuniyyətlə, qeyd etmək istərdim ki, bunun sayəsində Özbəkistan AİİB-in ən iri 10 tərəfdaşından biri olub", - o bildirib.
Dövlət rəhbəri AİİB ilə birgə 720 milyon dollar dəyərində Buxara bölgəsində su təchizatı sisteminin yaxşılaşdırılması layihəsinin həyata keçirildiyini, bunun nəticəsində 1,5 milyon insanın təmiz içməli su ilə təmin olunacağını açıqlayıb.
Bundan əlavə, Buxara – Xivə dəmiryolunun elektrikləşdirilməsi layihəsinin icrası ilə Xivə şəhərinə ildə əlavə 1 milyon turist cəlb etmək imkanı yaranıb.
"Qeyd etmək lazımdır ki, hazırda biz AİİB ilə yaxın 3 il ərzində 4 milyard dollar dəyərində layihələrin həyata keçirilməsi barədə razılaşmışıq", - Prezident Şavkat Mirziyoyev bildirib.