Türkiyə regionda sülh üçün vacib ölkəyə çevrilib - Çavuşoğlu

Türkiyə regionda sülh üçün vacib ölkəyə çevrilib - Çavuşoğlu

Bakı. TurkicWorld:

Türkiyə regionda sülhün təmin edilməsində əsas ölkə kimi özünü təsdiqləyib. Əminəm ki, Ankara mövcud vəziyyətin imkanlarından maksimum yararlanmalıdır.

TurkicWorld xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada çıxışı zamanı deyib.

M.Çavuşoğlu diqqəti dövrümüzün çağırışlarına çəkərək xatırladıb ki, Avropa Şurası, Aİ və BMT kimi platformaların yaradılması ideyası, o cümlədən Avropada münaqişələrin qarşısını almaq istəyinə əsaslanır.

"Bu gün biz dünya nizamının əsaslarının necə sarsıdıldığını görürük; İkinci Dünya Müharibəsindən sonrakı dövrdə formalaşmış sistem məhv edilir; ziddiyyətlər və münaqişələr dərinləşir ki, bunun da təxminən 60 faizi Türkiyənin yerləşdiyi regiondadır. Mənfi çağırışlara baxmayaraq, Türkiyə "sabitlik adası" olaraq qalır", - deyə XİN rəhbəri bildirib.

Onun sözlərinə görə, hazırkı vəziyyətdə Ankara fəal vasitəçilik səyləri göstərir ki, bu da "taxıl sövdələşməsi"nə nail olmağa və bununla da qlobal ərzaq bazarında vəziyyəti sabitləşdirməyə imkan verib.

M.Çavuşoğlu qeyd edib ki, Rusiya-Ukrayna münaqişəsi fonunda Qərblə Şərq arasında mühüm ticarət və nəqliyyat arteriyası olan "Orta Dəhliz" adlanan nəqliyyat dəhlizinin önəmi artıb. "Orta Dəhliz" Asiya ilə Avropa arasında ticarət üçün həyati əhəmiyyət kəsb edir. Buraya Şimal-Cənub nəqliyyat dəhlizini də əlavə etmək olar", - deyə nazir bildirib.

O, Türkiyənin enerji bazarında daha fəal oyunçuya çevrildiyini də qeyd edib. "Biz Avropaya, xüsusən də Şərqi və Cənub-Şərqi Avropa ölkələrinə və Balkanlara qaz tədarükünə başlamışıq. Başlanğıcı Azərbaycandan olan Trans-Anadolu qaz kəməri (TANAP) ilə qaz nəqlinin həcmini iki dəfə artırmışıq. ", - deyə nazir bildirib.