Türkiyədə yüksək sürətli qatar xətti inşa ediləcək - Adil Karaismailoğlu

Türkiyədə yüksək sürətli qatar xətti inşa ediləcək - Adil Karaismailoğlu

Bakı, TurkicWorld:

Türkiyənin şərqi Qara dəniz ərazisində Samsun-Trabzon-Sarp yüksək sürətli qatar xətti inşa ediləcək.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Adil Karaismailoğlu məlumat verib.

Məlumata əsasən, mərkəzi Trabzon olan qatar xəttinin ümumi uzunluğunun 513 kilometr olacağı gözlənilir. Sürətli qatar xətti ilə səyahət müddəti Trabzon ilə Sarp arasında 70 dəqiqə, Trabzon ilə Samsun arasında 2 saat, Trabzon ilə Ankara arasında isə 4,5 saata enəcək.

Qeyd edək ki, Türkiyənin dəmir yolunun ümumi uzunluğu 13 min 896 kilometrdir.

Məlumat üçün bildirək ki, 2009-cu ildə Ankara-Eskişehir xəttinin istifadəyə verilməsi ilə Türkiyə yüksək sürətli qatar texnologiyası ilə tanış olub. Daha sonra bu xəttin ardınca 2011-ci ildə Ankara-Konya, 2013-cü ildə Əskişəhər-Konya, 2014-cü ildə Ankara-İstanbul və Konya-İstanbul, 2022-ci ilin yanvar ayında Konya-Karaman, 2023-cü ilin aprelin 26-da Ankara-Sivas yüksək sürətli qatar xətti istifadəyə verilib.

Ləman Əsədli

Twitter: lamanasadli01