Ankara-Sivas Yüksək Sürətli Qatar Xətti bugün istifadəyə verilir

Ankara-Sivas Yüksək Sürətli Qatar Xətti bugün istifadəyə verilir

Bakı, TurkicWorld:

Türkiyədə Ankara-Sivas Yüksək Sürətli Qatar Xətti bugün istifadəyə verilir.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu bildirib.

O, həmçinin bildirib ki, Ankara-Sivas Yüksək Sürətli Qatar Xəttinin tamamlanması ilə dəmir yolunun uzunluğunu 13 min 896 kilometrə, yüksək sürətli qatar xəttinin uzunluğunu isə 2 min 228 kilometrə çatdırılıb.

Məlumata əsasən, Ankara ilə Sivas arasındakı məsafəni 603 kilometrdən 405 kilometrə azaldacaq qatar xəttində səkkiz stansiya var.

Qeyd edək ki, 2009-cu ildə Ankara-Eskişehir xəttinin istifadəyə verilməsi ilə Türkiyə yüksək sürətli qatar texnologiyası ilə tanış olub. Daha sonra bu xəttin ardınca 2011-ci ildə Ankara-Konya, 2013-cü ildə Əskişəhər-Konya, 2014-cü ildə Ankara-İstanbul və Konya-İstanbul xətləri istifadəyə verilib. Nəhayət, 2022-ci ilin yanvar ayında Konya-Karaman xətti istifadəyə verilib.

Məlumat üçün bildirək ki, Ankara-Sivas Yüksək Sürətli qatar xəttinin tikintisinə 2007-ci ildə başlanılıb. Dəmir yolu xəttinin uzunluğu 393 kilometrdir.