Türkiyə qarşıdakı 50 ili planlayan ölkədir - Adil Karaismailoğlu

Türkiyə qarşıdakı 50 ili planlayan ölkədir - Adil Karaismailoğlu

Bakı, TurkicWorld:

Türkiyə qarşıdakı 50 ili planlayan ölkədir.

TurkicWorld-un məlumatına görə, bu sözləri Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Adil Karaismailoğlu jurnalistlərə açıqlamasında deyib.

"Avropanın ən uzun, dünyanın isə üçüncü böyük tuneli olan Zigana Tuneli mayın 3-də istifadəyə veriləcək. Artıq Türkiyə 50 il qabağı planlayan ölkəyə çevrilib. Xalqımızda bizə qarşı güvən var. Sülh və inam sayəsində ölkəmizdə istehsal, sabitlik, turizm artır. Bu sürətli artımla Türkiyə Cümhuriyyəti dünyanın ən inkişaf etmiş ölkələrinin başında olacaq",- deyə nazir bildirib.

Qeyd edək ki, Zigana Tuneli əsrlər boyu mühüm ticarət yolu olan Uzaq Asiya və İran üzərindən Trabzona çatan marşrutun möhürü olacaq və bölgənin beynəlxalq tranzit ticarətinə töhfə verəcək. Tunelin ümumi uzunluğu - 29 kilometr, eni 12 metrdir. Tuneldə tikinti işlərinə eyni vaxtda iki istiqamətdə başlanılıb. Gümüşhane vilayətində tunelin tikintisinə 2016-cı ilin aprelində, Trabzonda isə həmin ilin avqustunda başlanılıb. Tuneldə 6 ventilyasiya sistemi quraşdırılıb.

Xatırladaq ki, hazırda Türkiyədə 39 avtomobil və üç dəmir yolu tuneli fəaliyyət göstərir.