Bakı. TurkicWorld:
Ötən 20 il ərzində Türkiyənin dünyadakı həm siyasi, həm iqtisadi, həm də hərbi təsiri sürətlə artıb. Türkiyə artıq qlobal siyasətə təsir edən, münaqişələrin həllində mövqe ortaya qoyan dövlətdir.
Həmçinin ölkə öz hərb sənayesini formalaşdıran, region ölkələrində hərbi təsir gücünü artıran dövlətdir. Türkiyə dünya hərb sənayesində inqilabı uğurlara imza atıb. Bu uğurlar sırasında "Bayraktar", "Aksunqur", "Akıncı" və "Kızılelma" da daxil olmaqla pilotsuz döyüş aparatlarını göstərə bilərik.
Qardaş ölkənin iqtisadi inkişaf sürəti də diqqətçəkəndir.
Türkiyə Statistika Təşkilatının ölkə iqtisadiyyatı 2021-ci ildə 11, ötən ilin son rübündə isə 9,1 faiz artıb. Türkiyə iqtisadiyyatı 2020-ci illə müqayisədə 11 faiz artıb. 2021-ci ilin oktyabr-dekabr dövrünün 4-cü rübündə artım tempi 9,1 faiz təşkil edib. Təbii ki, Türkiyənin hərtərəfli inkişafının kökündə Prezident Rəcəb Tayyib Ərdoğanın həyata keçirdiyi uğurlu daxili və xarici siyasət dayanır.
Prezident İlham Əliyev 2023-cü il martın 16-da Ankarada Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında Türkiyənin artan təsir gücünə diqqət çəkib.
Sitat: "Türkiyə son 20 ildə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə böyük və şərəfli yol keçmiş, dünyada söz sahibi olmuş, güc mərkəzinə çevrilmişdir. Bu gün dünyada Türkiyə ilə hesablaşırlar və ona hörmət edirlər. Türkiyənin hərbi gücünü, müdafiə sənayesi sahəsində böyük uğurlarını indi dünyada hər kəs görür. Bu illər ərzində Türkiyədə davamlı sabitliyin təmin olunması, ölkənin inkişafı bütün Türk dünyası üçün önəmli şərtdir".
Türkiyə avtomobil sənayesində yeni dövr
Qardaş ölkənin hərtərəfli inkişafı özünü avtomobil sənayesində də göstərir. Məsələn, artıq Türkiyə avtomobil sənayesi tarixinə adını elektromobil istehsalçısı kimi yazdırmağı bacarıb. Hazırda ölkədə yerli istehsal "Togg" elektromobilinin istehsalına start verilib. "Togg"un kütləvi istehsal zavodunun tarixinə nəzər salaq: Bursa vilayətinin Gemlik rayonunda inşa olunan zavodun təməli 2020-ci ildə qoyulub. Açılış mərasimi isə 2022-ci il oktyabrın 29-da baş tutub. Mərasimdə başda Prezident Rəcəb Tayyib Ərdoğan olmaqla, Türkiyənin bir sıra dövlət rəsmiləri iştirak ediblər. Prezident İlham Əliyev 2022-ci il noyabrın 2-də Türkiyə liderinə zəng edib və ona "Togg"un kütləvi istehsala başlanılması münasibətilə təbriklərini çatdırıb.
Müəssisə Türkiyənin mobillik sahəsində xidmət göstərən qlobal texnologiya markasıdır.
Zavod ölkənin 5 aparıcı şirkəti - "Anadolu Group" (19 %), "BMC" (19 %), "Root Group" (19 %), "Turkcell" (19 %), "Zorlu Holding" (19 %) and "TOBB" (% 5) bir araya gələrək elektromobilin istehsalına başlamaq üçün birgə səyi nəticəsində ərsəyə gəlib. Müəssisənin inşası üçün 1 milyard dollardan çox maliyyə xərclənib. "Togg" zavodunun tikintisində ümumilikdə 9700 nəfər iştirak edib. Zavodda montaj mərkəzi, prototip inkişaf, istifadəçi sınaq parkı kimi bir çox bölüm var. Müəssisənin illik istehsal gücünün 175 000 ədədə çatdıqda 4300 nəfərin işlə təmin olunması planlaşdırılır.
Türkiyə liderin zavodun hədəfləri ilə bağlı danışarək bildirib ki, müəssisədə ildə 175 min avtomobil istehsal olunacaq. 2030-cu ilə qədər isə istehsal 1 milyonu ötəcək. Martın əvvəlindən isə "Togg"un T10X modeli üçün ilkin sifariş prosesinə başlanılıb. Elektromobilin satışına ilk gündən böyük maraq göstərilib. "Togg T10X" modeli üçün ilk 24 saatda 22 min 150 sifariş qəbul olunub.
Azərbaycanın Türkiyənin uğuruna göstərdiyi xüsusi diqqət
Aprelin 3-də "TOGG" elektromobilinin T10X modelinin birincisi Prezident Rəcəb Tayyib Ərdoğana və xanımı Əminə Ərdoğana, ikincisi isə aprelin 4-də Prezident İlham Əliyevə təqdim olunub. Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan "Togg" elektromobilinin Azərbaycan Prezidentinə təqdim olunması ilə bağlı paylaşım edib.
Türkiyə Prezidenti paylaşımında bildirib: "Qardaşım İlham Əliyev də Türkiyənin qüruru "Togg"u təhvil aldı. Xeyirli olsun. Allah gözəl günlərdə istifadə etməyi nəsib etsin, qardaşım".
Aprelin 4-də Prezident İlham Əliyev Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varankı qəbul edərkən qardaş ölkədə son illərdə həm müdafiə sənayesi, həm də mülki sənaye sahələrində yüksək texnoloji məhsulların istehsal olunduğunu qeyd edib. Azərbaycan Prezidenti vurğulayıb ki, bu, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Türkiyə xalqının zəkası, istedadı və əməyi nəticəsində ərsəyə gəlib və "Togg"un istehsalına başlanması da bu baxımdan yaxşı nümunədir.
Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təşəkkür edib.
Dövlət başçısı bununla bağlı tviterdə paylaşım edib: "Təşəkkür edirəm, Əziz Qardaşım. Amin! "Togg" Sizin liderliyiniz altında qardaş Türkiyənin elmi-sənaye potensialının inkişafının daha bir bariz nümunəsidir".
Qeyd edək ki, ekspertlər "Togg"un istehsalını Türkiyənin 60 illik xəyalının həyata keçirilməsi kimi qiymətləndirirlər.