Razılaşdırılmış iqtisadi əməkdaşlıq əsasında yeni addımlar atacağıq - Ərdoğan

Razılaşdırılmış iqtisadi əməkdaşlıq əsasında yeni addımlar atacağıq - Ərdoğan

Bakı. TurkicWorld:

Rusiyanın Soçi şəhərində razılaşdırılmış iqtisadi əməkdaşlıq əsasında yeni addımlar atacağıq.

TurkicWorld-un məlumatına görə, bu sözləriTürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı zamanı deyib. Söhbət zamanı Türkiyə-Rusiya münasibətlərinin yaxşılaşdırılması istiqamətində atılan addımlar və Rusiya-Ukrayna müharibəsi ilə bağlı proseslər müzakirə edilib.

Dövlət başçıları iki ölkə arasında ticari-iqtisadi əlaqələrin müsbət dinamikasından, qaz təchizatından və Türkiyədə Akkuyu nüvə-elektrik stansiyasının tikintisi də daxil olmaqla, enerji sektorunda birgə strateji layihələrin həyata keçirilməsi prosesindən məmnun olduqlarını bildiriblər.

Söhbət zamanı, Türkiyədə zəlzələdən sonra dağılmış infrastrukturun və evlərin yenidən qurulması üçün Rusiyadan tikinti materiallarının satın alınmasının təşkili imkanları barədə razılığa gəlinib.

İki ölkə başçısı Suriya məsələsini də müzakirə edib və normallaşma prosesinin davam etdirilməsini vacib hesab etdiklərini bildiriblər. Sonda Rusiya prezidenti Ramazan ayı münasibətilə Prezident Ərdoğana və Türkiyə xalqına ən xoş arzularını çatdırıb.