Esenboğa Beynəlxalq Hava Limanından istifadə edən sərnişinlərin sayı kəskin şəkildə artıb

Esenboğa Beynəlxalq Hava Limanından istifadə edən sərnişinlərin sayı kəskin şəkildə artıb

BAKI. TurkicWorld:

2023-cü ilin yanvar ayında Türkiyənin Ankara Esenboğa Beynəlxalq Hava Limanına gələn sərnişinlərin sayı 49 faiz artaraq, 884 min 717 nəfər olub.

Bu barədə TurkicWorld-ə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib. Nazirlikdən verilən məlumata görə, yanvar ayında hava limanının daxili reyslər üzrə sərnişin dövriyyəsi 53 faiz artaraq 729 min 285 nəfər, beynəlxalq reyslər üzrə isə 35 faiz artaraq 155 min 432 nəfər təşkil edib.

Bu ilin yanvar ayında hava limanının yük dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 22 faiz artaraq 8 min 41 ton təşkil edib. Bununla yanaşı, 2023-cü ilin yanvar ayında hava limanının daxili reyslər üzrə yük dövriyyəsi 2022-ci ilin eyni dövrü ilə müqayisədə 26 faiz artaraq, 5 min 509 ton, beynəlxalq reyslər üzrə dövriyyəsi isə eyni dövrlə müqayisədə 14 faiz artaraq, 2 min 532 ton təşkil edib.

Məlumata əsasən, hava limanından 2023-cü ilin yanvar ayında həyata keçirilən uçuşların sayı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 28 faiz artaraq, 6 min 834 olub. Bununla yanaşı, daxili reyslər üzrə yerinə yetirilən uçuşların sayı 34 faiz artaraq 5 min 464, beynəlxalq reyslər üzrə isə 9 faiz artaraq 1 min 370 olub. 2023-cü ilin yanvar ayında Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 13 milyon 625 min 43 nəfər, yük dövriyyəsi isə 292 min 330 ton təşkil edib.

Xatırladaq ki, 2022-ci ildə Türkiyənin bütün hava limanlarında sərnişin daşınması 181 milyon 948 min 6 nəfər, yük dövriyyəsi isə 4 milyon 4 min 306 ton təşkil edib.