BAKI,TurkicWorld,Yusif Şərifzadə
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rizədə tamamlanan layihələrin açılış mərasimində ölkənin inkişafı üçün fasiləsiz çalışdıqlarını bildirib. O, hökumətin yalnız bugünkü əhali qarşısında deyil, gələcək nəsillər qarşısında da məsuliyyət daşıdığını vurğulayıb.
TurkicWorld xəbər verir ki, Ərdoğan “Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq. Buna görə də müxalifətin nə dediyi və nə etdiyi ilə maraqlanmırıq”, – deyə bildirib.
Ərdoğan ölkənin 81 vilayətinə xidmət göstərməyi əsas məqsədlərindən biri adlandırıb. Onun sözlərinə görə, hökumət şəhərlərdə mövcud çatışmazlıqların aradan qaldırılması üçün gecə-gündüz işləməyə davam edir.
Türkiyə Prezidenti Rizədə ümumi dəyəri təxminən 10 milyard lirə olan 26 layihənin rəsmi açılışının keçirildiyini, üç yeni investisiya layihəsinin isə təməlinin qoyulduğunu açıqlayıb.
Ərdoğan 2023-cü il fevralın 6-da baş verən dağıdıcı zəlzələlərdən sonra şəhərlərin daha dayanıqlı və təhlükəsiz vəziyyətə gətirilməsinin əsas prioritetlərdən birinə çevrildiyini bildirib. Onun sözlərinə görə, TOKİ vasitəsilə Rizədə indiyədək 5 min 636 mənzil tamamlanıb, 1 221 mənzilin tikintisi isə davam edir.
Mərasim çərçivəsində Yağlıtaş məhəlləsində 465 mənzil, dörd iş yeri və bir məscid, Kendirli məhəlləsində 79, Madenli qəsəbəsində 143, Çayeli rayonunda isə 79 mənzil istifadəyə verilib.
Prezident həmçinin ümumi sahəsi 330 min kvadratmetr olan “Millət bağı”nın istifadəyə verildiyini bildirib. İyidere və Çamlıhemşində də yeni istirahət və ictimai məkanlar açılıb.
Ərdoğan Rize Kültür Küçəsinin istifadəyə verildiyini də açıqlayıb. Layihənin yerli istehsalçıların dəstəklənməsi, sərgi imkanlarının genişləndirilməsi, əl işlərinin istehsalı və satışının təşviqi vasitəsilə şəhər iqtisadiyyatına töhfə verməsi nəzərdə tutulur.
Təhsil sahəsində Rize və rayonlarında 10 məktəbin möhkəmləndirilməsi başa çatdırılıb. Çamlıhemşində 16 sinif otağından ibarət Hafize-Haşim Haşimoğlu Anadolu İmam-Hatip Liseyi yeni tədris ilində fəaliyyətə başlayacaq. Şəhər mərkəzində isə 600 nəfərlik Əhməd Tofiq İləri tələbə yataqxanası istifadəyə verilib.
Ərdoğan Rizənin idman turizmində də inkişaf etdiyini bildirərək Kaçkarda dünyanın nüfuzlu ultramarafon yarışlarından birinin keçirildiyini qeyd edib. Onun sözlərinə görə, Rize hazırda 60 ölkədən 2 mindən çox idmançını qəbul edir.
Bundan başqa, 190 iş yerindən ibarət Çiftekavak sənaye şəhərciyi, 12 min 500 kvadratmetrlik yeni avtobus terminalı, Çamlıhemşində 91 mənzil və 12 ticarət obyektinin tikintisinin təməli qoyulub. Bu layihələrin ümumi dəyərinin 3 milyard lirəni keçdiyi bildirilib.
Türkiyə Prezidenti Rize və bütövlükdə Qara dəniz bölgəsi üçün nəqliyyat, dənizçilik və turizm layihələrinin strateji əhəmiyyət daşıdığını vurğulayıb. O, təxminən 30 kilometrlik cənub dairəvi yolu və tunellər layihəsi üzrə hazırlıq, planlaşdırma və layihələndirmə işlərinə başlanıldığını bildirib.







