Son dəqiqə

Türkiyə İsrail Pakistan Səudiyyə Ərəbistanı İslam dünyasında birlik çağırışı İsrail-Fələstin münaqişəsi

Pakistan müsəlman ölkələrini İsrailə qarşı birləşməyə çağırıb

BAKI,TurkicWorld Orxan Qədirzadə

Pakistanın müdafiə naziri Xavaca Məhəmməd Asif müsəlman ölkələrini İsrailə qarşı birləşməyə çağırıb. Nazir Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə arasında imzalanan yeni müdafiə sazişinin İslam dünyasının daha geniş əməkdaşlıq mexanizminin əsasını təşkil edə biləcəyini bildirib.

Asif İsrailin müsəlman ölkələri arasındakı fikir ayrılıqlarından istifadə etdiyini və dövlətləri bir-birinə qarşı qoymağa çalışdığını deyib. Onun sözlərinə görə, İslam dünyası ümumi təhlükələr qarşısında koordinasiyalı şəkildə hərəkət etməlidir.

Pakistanlı nazir bu fikirləri İsrailin keçmiş baş naziri Naftali Bennetin Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistanın iştirakı ilə yeni regional ittifaqın formalaşa biləcəyi barədə açıqlamasına münasibət bildirərkən səsləndirib.

Asif İsraillə bağlı məsələdə müsəlman ölkələrinin birləşməsinin zəruri olduğunu vurğulayıb.

O, həmçinin Fələstin məsələsinə toxunaraq, münaqişənin köklərinin İsrailin yaradılması prosesinə qədər uzandığını və fələstinlilərin Balfur Bəyannaməsinin qəbulundan etibarən bu prosesə müqavimət göstərdiyini deyib.

Pakistan müdafiə nazirinin sözlərinə görə, böhran Fələstin məsələsi fələstinlilərin istək və tələblərinə uyğun həll edilməyənə və davamlı siyasi razılaşma əldə olunmayana qədər davam edə bilər.

“İslam dünyasının birləşməsinin başlanğıcıdır”

Asif Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə arasında əldə olunan müdafiə razılaşmasını İslam dünyasının daha geniş birlik mexanizminin başlanğıcı kimi qiymətləndirib.

Onun sözlərinə görə, digər müsəlman ölkələri də bu mexanizmə qoşula bilməlidir. Nazir belə bir əməkdaşlıq çərçivəsində İslam ölkələrinin yalnız ümumi hərbi və coğrafi təhdidlərə qarşı mövqelərini koordinasiya etməsinin deyil, həm də ikitərəfli fikir ayrılıqlarının həllinə çalışmasının mümkün olduğunu bildirib.

Asif üçtərəfli sazişin digər İslam ölkələri üçün qapalı olmamalı və gələcəkdə genişləndirilməli olduğunu vurğulayıb.

Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə arasında imzalanan müdafiə sazişi kəşfiyyat məlumatlarının mübadiləsini, birgə hərbi təlimlərin keçirilməsini və kollektiv çəkindirmənin gücləndirilməsini nəzərdə tutur.

Sazişə əsasən, üç ölkədən birinə qarşı silahlı hücum digər iki ölkəyə qarşı da hücum kimi qiymətləndiriləcək

Mövzuya görə xəbərlər