BAKI,TurkicWorld Orxan Qədirzadə
Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında imzalanan “Məkkə Birgə Müdafiə Sazişi”nin NATO-nun 5-ci maddəsi ilə ziddiyyət təşkil etdiyi və alternativ hərbi ittifaq formalaşdırdığı barədə iddialar təkzib edilib.
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin Dezinformasiya ilə Mübarizə Mərkəzi (DMM) sosial media platformalarında yayılan iddiaların həqiqəti əks etdirmədiyini açıqlayıb.
Mərkəzin açıqlamasında sözügedən iddiaların “açıq şəkildə müəyyən mənbələrdən qaynaqlanan cəhd” olduğu bildirilib.
“NATO üzvlüyünə alternativ deyil”
DMM vurğulayıb ki, “Məkkə Birgə Müdafiə Sazişi” Türkiyənin NATO çərçivəsində mövcud beynəlxalq müttəfiqlik öhdəlikləri ilə ziddiyyət təşkil etmir.
Açıqlamada Türkiyənin regional tərəfdaşlıqlar inkişaf etdirməsinin NATO üzvlüyünə alternativ olmadığı qeyd edilib.
Mərkəz sazişi regional təhlükəsizliyi dəstəkləyən və mövcud əməkdaşlıq mexanizmlərini tamamlayan müdafiə yönümlü razılaşma kimi xarakterizə edib.
“Təcavüzkar hərbi blok deyil”
DMM-nin məlumatına görə, sazişin əsas məqsədi çəkindirmə imkanlarını gücləndirməkdir.
Sənədin üçüncü ölkəyə və ya hər hansı hərbi bloka qarşı yönəlmədiyi bildirilib. Saziş çərçivəsində müdafiə sənayesi sahəsində əməkdaşlığın genişləndirilməsi, hərbi təlimlərin keçirilməsi, texnologiya mübadiləsi və regional sabitliyin gücləndirilməsi nəzərdə tutulur.
Xatırladaq ki, Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında “Məkkə Birgə Müdafiə Sazişi” avqustun 7-də imzalanıb. Razılaşmaya əsasən, üç ölkədən hər hansı birinə qarşı silahlı hücum bütün tərəflərə qarşı hücum kimi qiymətləndiriləcək.
DMM vətəndaşları sosial şəbəkələrdə yayılan təsdiqlənməmiş və manipulyativ məlumatlara etibar etməməyə çağırıb.






