BAKI,TurkicWorld Orxan Qədirzadə
Türkiyə, Səudiyyə Ərəbistanı və Pakistan arasında "Məkkə Birgə Müdafiə Sazişi" imzalanıb. Saziş üç ölkənin təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığını yeni mərhələyə daşımaqla yanaşı, kollektiv müdafiə prinsipini də təsbit edir.
Saziş Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz Əl Səudun dəvəti ilə keçirilən Məkkə Birgə Müdafiə Zirvəsi çərçivəsində imzalanıb.
Zirvə zamanı Səudiyyə Ərəbistanının vəliəhdi və Baş naziri Məhəmməd ibn Salman Məkkədəki Səfa Sarayında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistanın Baş naziri Şahbaz Şərif ilə görüş keçirib.
Tərəflər görüşdə üç ölkə arasında strateji tərəfdaşlıq, regional təhlükəsizlik və müdafiə əməkdaşlığının genişləndirilməsi ilə bağlı məsələləri müzakirə ediblər.
Birgə bəyanata əsasən, saziş Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan arasında mövcud olan tarixi əlaqələrə, qardaşlıq münasibətlərinə, İslam həmrəyliyinə, ortaq strateji maraqlara və müdafiə sahəsində əməkdaşlığa əsaslanır.
Sənəddə qeyd olunur ki, razılaşma üç ölkənin ortaq təhlükəsizliyinin möhkəmləndirilməsini, regionda və dünyada sülh, sabitlik və təhlükəsizliyin təşviq edilməsini, eləcə də daha təhlükəsiz və firavan gələcəyin qurulmasını hədəfləyir.
Sazişin əsas müddəalarından birinə görə, iştirakçı ölkələrdən hər hansı birinə qarşı silahlı hücum bütün tərəflərə qarşı həyata keçirilmiş hücum kimi qiymətləndiriləcək. Bununla yanaşı, sənəd müdafiə sahəsində hərbi, texniki və strateji əməkdaşlığın bütün istiqamətlər üzrə inkişaf etdirilməsini nəzərdə tutur.
Analitiklər hesab edirlər ki, "Məkkə Birgə Müdafiə Sazişi" Yaxın Şərq və Cənubi Asiyada təhlükəsizlik əməkdaşlığının yeni formatının formalaşmasına təsir göstərə və üç ölkənin müdafiə sahəsində koordinasiyasını daha da gücləndirə bilər.







