BAKI,TurkicWorld,Yusif Şərifzadə
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan FETÖ-nün sui-qəsd qrupunun üzvü olmaqda təqsirləndirilən Burkay Karatepe barəsində rəsmi şikayət edib.
TurkicWorld xəbər verir ki, şikayət ərizəsində Burkay Karatepenin FETÖ lideri Fətullah Gülənin göstərişləri əsasında Prezident Ərdoğana qarşı sui-qəsd cəhdində iştirak etdiyi bildirilib.
Ərizədə həmçinin Karatepe və onun qaçaq olduğu dövrdə ona yardım göstərdiyi iddia olunan şəxslər barəsində "Prezidentə sui-qəsd", "Konstitusiyanı pozma", "Dövlətin birliyini və ərazi bütövlüyünü pozma", "Terror təşkilatına üzv olma" və "Cinayətkarı gizlətmə" maddələri ilə cinayət işi açılması tələb olunub.
Şikayətdə xatırladılıb ki, 15 iyul 2016-cı il dövlət çevrilişinə cəhd zamanı Marmarisdə olan Prezident Ərdoğana qarşı keçirilən hərbi əməliyyatda Burkay Karatepenin də daxil olduğu qrup iştirak edib.
Sənəddə qeyd olunub ki, Karatepe Fətullah Gülənin göstərişləri ilə Türkiyənin ilk xalq tərəfindən seçilmiş prezidenti olan Rəcəb Tayyib Ərdoğanı aradan qaldırmağa cəhd göstərib.
Ərizədə vurğulanıb ki, şübhəlinin əməlləri təkcə prezidentə qarşı sui-qəsd və Konstitusiyanın pozulması ilə məhdudlaşmayıb, eyni zamanda ölkədə xaos yaratmaq, dövlətin müstəqilliyini zəiflətmək və milli birliyi sarsıtmaq məqsədi daşıyıb.
Bundan əlavə, Prezident Ərdoğanın son 10 il ərzində Burkay Karatepenin yaxalanmasının qarşısını almaqda və ona sığınacaq verməkdə ittiham olunan şəxslərdən də şikayətçi olduğu bildirilib.







