BAKI,TurkicWorld Orxan Qədirzadə
Türkiyə Fransada davam edən güclü meşə yanğınlarının söndürülməsinə dəstək məqsədilə iki yanğınsöndürmə təyyarəsi göndərib.
AzerVoice xəbər verir ki, Türkiyənin kənd təsərrüfatı və meşə naziri İbrahim Yumaklı açıqlamasında bildirib ki, təyyarələr Prezident Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə Fransaya yola salınıb.
Nazirin sözlərinə görə, Fransanın yardım tələbi əsasında Türkiyəyə məxsus iki yanğınsöndürmə təyyarəsi bölgəyə göndərilib.
Yumaklı qeyd edib ki, Türkiyə malik olduğu texniki imkanlar və təcrübə ilə yalnız öz meşələrini deyil, ehtiyac olduqda digər ölkələrin meşə ərazilərini də qorumaq üçün dəstək göstərir.
O, Avropada günlərdir davam edən yanğınların söndürülməsinin çətinliyinə diqqət çəkərək, ölkələrarası həmrəyliyin vacibliyini vurğulayıb.
Makron Türkiyəyə türkcə təşəkkür edib
Fransa Prezidenti Emmanuel Macron Türkiyənin yardım qərarına görə təşəkkür edib.
Makron sosial media hesabında Türkiyənin dəstəyinə cavab olaraq türkcə "Təşəkkürlər Türkiyə" paylaşımı edib.
Fransa lideri Türkiyənin Kənd Təsərrüfatı və Meşə Nazirliyinin açıqlamasını paylaşaraq, yanğınsöndürmə təyyarələrinin göndərilməsinə görə minnətdarlığını bildirib.
Fransa tarixinin ən ağır yanğınlarından biri ilə üzləşib
Makron Fransadakı vəziyyəti "misli görünməmiş yanğın" kimi qiymətləndirib. Onun sözlərinə görə, ölkədə İkinci Dünya müharibəsindən sonra ən ağır meşə yanğınlarından biri yaşanır.
Fransa Prezidentinin açıqlamasına əsasən, yanğınlar nəticəsində təxminən 116 min hektar meşə və ərazi külə dönüb.
Bundan əvvəl Türkiyə İspaniyada baş verən meşə yanğınlarının söndürülməsi üçün də yanğınsöndürmə təyyarəsi göndərmişdi.
Avropa İttifaqının Mülki Müdafiə və Humanitar Yardım Baş İdarəsi də İspaniyadakı yanğınlarla mübarizəyə dəstək verən Türkiyəyə təşəkkür edib.






