BAKI,TurkicWorld Orxan Qədirzadə
NATO sammiti ərəfəsində Türkiyə ilə Fransa arasında müdafiə sahəsində yeni əməkdaşlıq mərhələsinin başlaya biləcəyi ilə bağlı iddialar gündəmə gəlib. Məlumatlara görə, Fransa Prezidenti Emmanuel Makron SAMP/T hava hücumundan müdafiə sistemi üzrə ortaq istehsal və texnologiya transferi variantlarının yenidən nəzərdən keçirilməsi barədə göstəriş verib.
Avropanın təhlükəsizlik arxitekturasında dəyişikliklərin yaşandığı bir dövrdə Paris və Ankara arasında münasibətlərdə yeni yaxınlaşma müşahidə olunur. Uzun müddət Suriya, Ermənistan və Şərqi Aralıq dənizi məsələlərində fikir ayrılıqları yaşayan iki ölkənin son aylarda daha intensiv dialoqa başladığı bildirilir. Avropada ABŞ siyasətinə dair narahatlıqların artması da bu prosesin əsas səbəblərindən biri kimi göstərilir.
Diplomatik dairələrdə Türkiyənin Avropanın təhlükəsizlik məsələlərində rolunun daha da artdığı vurğulanır. Fransanın sabiq Vaşinqton və Təl-Əviv səfiri Jerar Aro bildirib ki, Avropada ABŞ-la əvvəlki səviyyədə tərəfdaşlığın bərpa olunacağına dair inam zəifləyib və bu şəraitdə Türkiyə regionun ən mühüm strateji amillərindən birinə çevrilib.
Fransız mənbələri həmçinin qeyd edir ki, Paris və Ankara son dövrdə bir sıra regional məsələlərdə daha yaxın mövqelər nümayiş etdirirlər. Suriyada yeni hakimiyyətə dəstək, Livanda güclü mərkəzi dövlətin qurulması və Yaxın Şərqdə sabitliyin təmin edilməsi kimi mövzularda tərəflərin ortaq maraqlarının artdığı bildirilir.
Müdafiə sənayesi sahəsində isə diqqət mərkəzində SAMP/T sistemi dayanır. Türkiyənin bu sistemlərin tədarükü və birgə istehsalı ilə maraqlandığı, Fransa tərəfinin isə texnologiya transferi imkanlarını araşdırdığı qeyd olunur. Fransa Silahlı Qüvvələr Nazirliyinin nümayəndələrinin Ankaraya son səfəri də bu istiqamətdə danışıqların intensivləşdiyinin göstəricisi kimi qiymətləndirilir.
Fransalı diplomat Jerar Aro Türkiyənin müdafiə sənayesində son illərdə ciddi uğurlar qazandığını bildirib. Onun sözlərinə görə, müasir müharibələrdə ucuz və effektiv silah sistemlərinin kütləvi istehsalı həlledici əhəmiyyət daşıyır və Türkiyə bu sahədə diqqətçəkən nəticələr əldə edib.
Arxa planda kommersiya əməkdaşlıqları da genişlənir. Fransanın Safran şirkəti ilə Türkiyənin Baykar şirkəti arasında pilotsuz uçuş aparatları üçün elektro-optik sistemlər və idarə olunan sursatların inteqrasiyasını nəzərdə tutan strateji tərəfdaşlıq imzalanıb. Bundan əlavə, helikopter və hərbi gəmi layihələri üzrə də yeni əməkdaşlıq imkanlarının müzakirə edildiyi bildirilir.
Analitiklər hesab edirlər ki, NATO sammiti öncəsi Ankara-Paris xəttində müşahidə olunan bu yaxınlaşma yaxın illərdə həm siyasi, həm də müdafiə sənayesi sahəsində daha geniş əməkdaşlığa yol aça bilər.







