Son dəqiqə

Türkiyə NATO Rəcəb Tayyib Ərdoğan NATO sammiti NATO və Türkiyə əməkdaşlığı

Ankara NATO Zirvəsinə hazırdır: Rekord iştirak, gücləndirilmiş təhlükəsizlik və geniş beynəlxalq media

BAKI,TurkicWorld Orxan Qədirzadə

İyulun 7-8-də Ankarada keçiriləcək NATO-nun 36-cı Dövlət və Hökumət Başçıları Zirvəsi üçün bütün hazırlıqlar başa çatıb. İştirakçıların sayı, təhlükəsizlik tədbirləri, media infrastrukturu və təşkilati miqyası baxımından tədbirin NATO tarixinin ən genişmiqyaslı zirvələrindən biri olacağı gözlənilir.

2004-cü ildə İstanbulda keçirilən NATO Zirvəsindən sonra Türkiyə ikinci dəfə alyansın ən mühüm toplantılarından birinə ev sahibliyi edir. Bu dəfə keçiriləcək zirvə beynəlxalq münasibətlərdə artan qeyri-müəyyənlik fonunda alyansın gələcək strategiyasının müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Ekspertlərin "NATO 3.0" adlandırdığı yeni strateji yanaşma çərçivəsində keçiriləcək görüşdə NATO-nun gələcək inkişaf istiqamətləri, Avropa-Atlantik təhlükəsizliyi və qlobal geosiyasi proseslər əsas müzakirə mövzuları olacaq.

Zirvədə ABŞ Prezidenti Donald Tramp başda olmaqla NATO-ya üzv 32 ölkənin dövlət və hökumət başçıları iştirak edəcək. Bundan başqa, 100-ə yaxın xarici işlər və müdafiə naziri, çoxsaylı beynəlxalq təşkilat nümayəndələri, diplomatlar və xarici qonaqlar Ankaraya gələcək.

Tədbirə həmçinin Avstraliya, Yaponiya, Yeni Zelandiya və Cənubi Koreyadan ibarət Asiya-Sakit okean tərəfdaşları da qatılacaq. Bununla Avropa-Atlantik və Hind-Sakit okean regionlarının təhlükəsizlik gündəmləri ilk dəfə bu qədər geniş tərkibdə eyni platformada müzakirə olunacaq.

Zirvəyə beynəlxalq media tərəfindən də böyük maraq göstərilir. Dünyanın müxtəlif ölkələrindən təxminən 3 min jurnalist, televiziya əməkdaşı, fotoqraf və rəqəmsal media nümayəndəsi akkreditasiyadan keçib. Bunun NATO tarixində beynəlxalq media nümayəndələrinin sayına görə rekord göstərici olacağı bildirilir.

Beynəlxalq Media Mərkəzi Prezident Millət Kitabxanasında yaradılıb. Təxminən 141,7 milyon informasiya resursuna malik kitabxana dünyanın ən böyük üçüncü kitabxanası hesab olunur.

Xarici media nümayəndələrinin yerləşdirilməsi üçün Ankarada yeddi hotel ayrılıb, onların nəqliyyatı isə 45 avtobus vasitəsilə təmin ediləcək.

Media mərkəzində 1 800 iş yeri, 100-ə yaxın canlı yayım nöqtəsi, onlarla televiziya studiyası, müsahibə zonaları, 40 montaj otağı, müasir yayım avadanlığı, IPTV sistemi və informasiya ekranları istifadəyə veriləcək. Təşkilatçılar bu imkanların NATO zirvələri tarixində jurnalistlər üçün yaradılmış ən geniş media infrastrukturu olduğunu bildirirlər.

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi zirvə müddətində ümumilikdə 850 əməkdaşla fəaliyyət göstərəcək. Onlardan 500 nəfər əsas tədbirlərdə, 350 nəfər isə əlavə tədbirlər və böhran kommunikasiyası istiqamətində çalışacaq.

Türkiyənin dövlət televiziyası TRT beynəlxalq yayımın texniki təminatını həyata keçirəcək. Bunun üçün 96 kamera, 18 canlı yayım maşını və 26 müxtəlif yayım nöqtəsi fəaliyyət göstərəcək. Bu layihənin də NATO tarixində ən iri beynəlxalq yayım təşkilatlarından biri olacağı gözlənilir.

Zirvə həftəsində Ankara şəhərində təxminən 5 min açıq reklam və informasiya nöqtəsində xüsusi tanıtım kampaniyası həyata keçiriləcək. Reklam lövhələrində və rəqəmsal ekranlarda NATO Zirvəsi ilə yanaşı, Türkiyənin COP31 iqlim konfransına sədrliyi, müdafiə sənayesi məhsulları və ölkənin turizm imkanlarını tanıdan materiallar nümayiş etdiriləcək. Bu layihənin NATO zirvələri tarixində həyata keçirilən ən geniş şəhər brendinqi proqramı olduğu bildirilir.

Təhlükəsizliyin təmin olunması üçün görünməmiş tədbirlər görülür. Türkiyə Polis Baş İdarəsindən 48 min 841, Jandarma Baş Komandanlığından isə 7 min 447 əməkdaş olmaqla ümumilikdə 56 min 288 təhlükəsizlik əməkdaşı xidmət aparacaq.

Bundan əlavə, kibertəhlükəsizlik və rəqəmsal monitorinq istiqamətində 639 nəfərdən ibarət xüsusi qrup 24 saat fasiləsiz fəaliyyət göstərəcək.

Zirvə iştirakçılarının hava nəqliyyatı Ankara Esenboğa Hava Limanı, Ankara Hava Limanı və yük təyyarələrinə xidmət göstərəcək Mürtəd Hərbi Hava Meydanı vasitəsilə təşkil olunacaq.

Əsas toplantılardan əvvəl və zirvə günlərində bir sıra beynəlxalq tədbirlər də keçiriləcək. Bunlara NATO Parlament Zirvəsi, müttəfiq ölkələrin daimi nümayəndələrinin qeyri-rəsmi görüşü, təhlükəsizlik üzrə beynəlxalq seminarlar, "NATO Ankara Summit Dialogues", "Allies at Ankara" adlı konfranslar və Transatlantik Siyasi Planlaşdırıcıların Dəyirmi Masa Toplantısı daxildir.

Bu il ilk dəfə NATO Müdafiə Sənayesi Forumu alyansın rəsmi proqramına daxil edilib. Əvvəlki illərdə yalnız əlavə tədbir kimi keçirilən forumda müdafiə sənayesində əməkdaşlıq və birgə istehsal imkanları müzakirə olunacaq.

Zirvə çərçivəsində 2004-cü ildə İstanbulda yaradılmış İstanbul Əməkdaşlıq Təşəbbüsü formatında Bəhreyn, Qətər, Küveyt və Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər nazirlərinin xüsusi toplantısı da təşkil ediləcək.

Analitiklər 2004-cü ildə İstanbulda keçirilmiş NATO Zirvəsini alyans tarixinin dönüş nöqtələrindən biri hesab edirlər. Həmin zirvədə NATO-nun Əfqanıstandakı missiyasının genişləndirilməsi, İraq təhlükəsizlik qüvvələrinin hazırlanmasına dəstək verilməsi və Soyuq müharibədən sonra alyansın ən böyük genişlənmə dalğası nəticəsində üzv olan Bolqarıstan, Estoniya, Latviya, Litva, Rumıniya, Slovakiya və Sloveniyanın ilk dəfə tamhüquqlu üzv kimi iştirak etməsi tarixi hadisələr sırasında yer almışdı.

İstanbul Zirvəsində NATO-Rusiya Şurası, NATO-Ukrayna Komissiyası və Avro-Atlantik Tərəfdaşlıq Şurasının iclasları keçirilsə də, Rusiya Prezidenti Vladimir Putin toplantıya qatılmamışdı. Həmin dövrdə Gürcüstan və Moldovadan rus qoşunlarının çıxarılması ilə bağlı məsələlərdə irəliləyiş əldə olunmaması da diqqət çəkən məqamlardan biri olmuşdu.

2004-cü il zirvəsi zamanı ABŞ Prezidenti Corc Buş, Böyük Britaniyanın Baş naziri Toni Bler, Fransa Prezidenti Jak Şirak, Almaniya Kansleri Gerhard Şröder, Əfqanıstan Prezidenti Həmid Kərzai və bir sıra digər dünya liderləri İstanbulda bir araya gəlmişdilər.

Həmin zirvə dövründə İraqda hakimiyyətin müvəqqəti hökumətə planlaşdırıldığından daha tez təhvil verilməsi barədə xəbər də məhz İstanbulda keçirilən görüşlər zamanı dünya ictimaiyyətinə açıqlanmışdı.

Müşahidəçilərin fikrincə, Ankara Zirvəsi iştirakçı sayı, beynəlxalq media marağı, texniki imkanları, təhlükəsizlik tədbirləri və qəbul ediləcək qərarlar baxımından NATO tarixində ən əhəmiyyətli toplantılardan biri kimi yadda qala bilər.

Mövzuya görə xəbərlər