BAKI,TurkicWorld Orxan Qədirzadə
Türkiyənin aparıcı sənaye qruplarından biri olan Koç Holdinq Avropa bazarında mövqeyini gücləndirmək istiqamətində yeni addım atıb.
TurkicWorld xəbər verir ki, holdinqin müdafiə sənayesi şirkəti Otokar Rumıniyada fəaliyyət göstərən “Automecanica SA” şirkətinin səhmlərinin 96,77 faizini almaq üçün müqavilə imzalayıb.
Məlumata görə, satınalma əməliyyatının dəyəri təxminən 85 milyon avro təşkil edir. Razılaşma tamamlandıqdan sonra Otokar Avropa İttifaqı ərazisində zirehli hərbi texnika istehsal etmək imkanına sahib olacaq.
Şirkətin açıqlamasında bildirilib ki, bu addım Rumıniya Müdafiə Nazirliyi ilə imzalanmış iri həcmli ixrac müqaviləsinin davamı kimi qiymətləndirilir. Otokar daha əvvəl Rumıniyaya “COBRA II” zirehli maşınlarının tədarükü üzrə tenderin qalibi olmuşdu və artıq yüzlərlə texnika Rumıniya ordusunda istifadəyə verilib.
Rumıniyanın Mediaş şəhərində yerləşən istehsal müəssisəsinin NATO standartlarına uyğun modernləşdirildiyi qeyd olunur. Zavodda metal kəsmə, qaynaq, boya və yekun montaj daxil olmaqla bütün istehsal mərhələlərinin həyata keçirilməsi planlaşdırılır.
Otokarın baş direktoru Aykut Özüner bildirib ki, şirkət yalnız məhsul ixracına deyil, həm də tərəfdaş ölkələrdə yerli istehsal və texnologiya transferinə üstünlük verir. Onun sözlərinə görə, layihə həm Türkiyə, həm də Rumıniya iqtisadiyyatı üçün uzunmüddətli fayda yaradacaq.
Ekspertlər hesab edirlər ki, sözügedən satınalma Türkiyə müdafiə sənayesinin Avropa bazarına inteqrasiyası baxımından strateji əhəmiyyət daşıyır və gələcəkdə NATO ölkələri ilə hərbi sənaye əməkdaşlığını daha da genişləndirə bilər.






