Son dəqiqə

Yunanıstan Türkiyə XİN Türkiyə-Yunanıstan münasibətləri Türkiyə və Yunanıstan enerji gərginliyi

Dəniz sərhədlərimizi pozan xəritələr etibarsızdır - Türkiyə XİN

BAKI,TurkicWorld, Nailə Babazadə

Türkiyə Xarici İşlər Nazirliyi Yunanıstanın Balıqçılıq Müfəttişliyi İdarəsinin rəsmi internet saytında dərc olunan məhdudiyyətlər və xəritələrlə bağlı yazılı bəyanat yayıb.

TurkicWorld xəbər verir ki, bəyanatda Yunanıstanın Ege və Şərqi Aralıq dənizində səlahiyyəti olmayan bəzi ərazilərdə balıqçılığa qadağa zonaları təsis etdiyi və beynəlxalq hüquqa zidd müxtəlif xəritələr yayımladığı bildirilib.

Nazirlik Türkiyə ilə Yunanıstan arasında mövcud olmayan "xəyali dəniz sərhədləri" çəkən bu xəritələrin qəbulolunmaz olduğunu vurğulayıb. Açıqlamada deyilir:

"Bu sahələrdə Türk dəniz səlahiyyət sahələrini pozan xəritələrin heç bir etibarlılığı yoxdur. Yunanıstanın 6 dəniz mili enindəki ərazi sularından kənarda, səlahiyyət sahibi olmadığı yerlərdə və beynəlxalq sularda balıqçılıq fəaliyyətinə gətirdiyi qeyri-qanuni məhdudiyyətlər Türkiyə üçün yox hökmündədir."

Rəsmi Ankara türk balıqçılarının beynəlxalq hüquqa və tarixi haqlara əsaslanan qanuni fəaliyyətlərinin qorunacağını bəyan edib. Vurğulanıb ki, bu fəaliyyətlərə qarşı yönəlmiş heç bir "birtərəfli və qeyri-qanuni" addım qəbul edilməyəcək.

Bəyanatın sonunda iki ölkə arasındakı dialoqun önəminə toxunularaq, 7 dekabr 2023-cü il tarixli "Dostluq Münasibətləri və Mehriban Qonşuluq haqqında Afina Bəyannaməsi" xatırladılıb. Türkiyənin problemləri beynəlxalq hüquq, ədalət və mehriban qonşuluq prinsipləri əsasında həll etmək üçün səmimi və əhatəli yanaşmasını qoruduğu diqqətə çatdırılıb.

Mövzuya görə xəbərlər