BAKI, TurkicWorld, Orxan Qədirzadə
Türkiyədə Novruz bayramının rəsmi dövlət bayramı statusu alacağı və bununla bağlı qanunvericilik bazasının hazırlandığı açıqlanıb.
TurkicWorld xəbər verir ki, bu barədə AK Partiya Sədrinin müavini, Türk Dövlətləri ilə Əlaqələr idarəsinin rəhbəri, professor Kürşat Zorlu yerli televiziya kanallarından birində yayımlanan "Anadolu Soruyor" proqramında məlumat verib.
Partiya rəsmisi qeyd edib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə bu istiqamətdə genişmiqyaslı işlər aparılır. Kürşat Zorlunun sözlərinə görə, Novruz artıq bütün Türk dünyasının ortaq dəyəri kimi Türkiyədə də rəsmiyyət qazanacaq. O, vətəndaşların böyük maraqla gözlədiyi bu addımın yaxın aylarda konkret qanuni statusa qovuşacağını və parlament səviyyəsində təsdiqlənəcəyini vurğulayıb.
Xatırladaq ki, ötən il ilk dəfə olaraq Türkiyə Prezidentinin himayəsi altında İstanbulda geniş şəkildə qeyd olunan Novruz şənlikləri, bu il Gaziantep şəhərində böyük coşqu ilə keçirilib. Bu qərarın qəbul edilməsi ilə Novruzun türk xalqları arasındakı mənəvi bağları daha da gücləndirəcəyi və rəsmi təqvimdə öz yerini alacağı gözlənilir.







