BAKI, TurkicWorld, Orxan Qədirzadə
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan AK Partiyanın Qrup Toplantısında çıxış edərək, ölkənin üzləşdiyi regional təhdidlərdən, texnoloji nailiyyətlərdən və müxalifətlə münasibətlərdən danışıb. Prezident Türkiyənin 5G texnologiyasına keçidini rəqəmsal müstəqillik yolunda "inqilabi addım" adlandırıb.
TurkicWorld xəbər verir ki, çıxışına idman müvəffəqiyyəti ilə başlayan Ərdoğan, 2026-cı il Dünya Çempionatının pley-off mərhələsində Kosovonu məğlub edərək final mərhələsinə vəsiqə qazanan Türkiyə milli komandasını təbrik edib. O, milli komandanın 24 ildən sonra yenidən dünya səhnəsində Türkiyəni layiqincə təmsil edəcəyinə inandığını bildirib. Eyni zamanda, Qəzzadan Livana, Sudandan Yəmənə qədər bütün İslam aləmində sülhün bərqərar olmasını arzulayıb.
Prezident Türkiyənin dünəndən etibarən rəsmən 5G texnologiyası ilə tanış olduğunu elan edib.
"Bu texnologiya ölkəmizin rəqabət gücünü artıracaq, istehsalı yüksəldəcək və rəqəmsal müstəqilliyimizi möhkəmləndirəcək. 5G-ni ilk etapda tıxacın sıx olduğu bölgələrdən başlayaraq bütün ölkəyə yayacağıq."- Ərdoğan deyib.
Ərdoğan müxalifət partiyalarının, xüsusilə CHP-nin ünvanına sərt tənqidlər səsləndirib. O, Ramazan ayı boyunca səbirli davrandıqlarını, lakin təhqirlərə qarşı səssiz qalmayacaqlarını vurğulayıb.
Prezident CHP sədri Özgür Özelin çıxışlarına toxunaraq, ana müxalifət partiyasını "çirkin ritorika"da ittiham edib. O, Türkiyənin siyasi tarixində çevriliş və xunta anlayışlarının CHP ilə eyniləşdiyini deyərək, partiyanın bu xüsusiyyəti öz kimliyi kimi daşıdığını bildirib.
Ərdoğan çıxışının sonunda Türkiyəni bölgədəki münaqişələrdən uzaq tutmağın və millətin hüzurunu qorumağın AK Partiya hökumətinin ən böyük məsuliyyəti olduğunu bir daha xatırladıb.







