BAKI, TurkicWorld, Orxan Qədirzadə
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan son dövrlərdə regionda baş verən müharibə və qarşıdurmaların kibertəhlükəsizliyin strateji əhəmiyyətini bir daha ortaya qoyduğunu bəyan edib.
TurkicWorld xəbər verir ki, dövlət başçısı 5G texnologiyalarına həsr olunmuş tədbirdə çıxışı zamanı bildirib ki, Livan, Qəzza və İran ətrafında yaşanan hadisələr müasir dövrdə rəqəmsal təhlükəsizliyin nə qədər vacib olduğunu açıq şəkildə göstərir.
Ərdoğan qeyd edib ki, güclü dövlət olmaq, çəkindirici qüvvəyə sahib olmaq və beynəlxalq nüfuza malik olmaq üçün kiberməkanın inkişafı və təhlükəsizliyinin təmin olunması əsas şərtlərdən biridir.
Prezident vurğulayıb ki, müasir dövrdə siyasi sabitlik, iqtisadi müstəqillik, hərbi çəkindiricilik və rəqəmsal suverenlik bir-birindən ayrılmaz anlayışlardır. Onun sözlərinə görə, hava məkanını və sərhədləri qorumaq qədər kiberməkanın müdafiəsi də dövlət suverenliyinin əsas elementidir.
Ərdoğan bildirib ki, yaxın dövrdə dövlət qurumlarına məxsus məlumatların qorunması üçün əlavə təhlükəsizlik tədbirləri mərhələli şəkildə tətbiq olunacaq. Hüquq-mühafizə və kəşfiyyat strukturlarının bütün mümkün risk ssenarilərinə hazır olduğu qeyd edilib.
Türkiyə lideri əlavə edib ki, kibertəhlükəsizlik yalnız təhdidlərə cavab deyil, milli təhlükəsizlik siyasətinin əsas tərkib hissəsi kimi qəbul edilir.
Çıxışında o, həmçinin Türkiyənin texnoloji inkişaf planlarına toxunaraq 5G texnologiyasının ilkin mərhələdə ölkənin bütün inzibati mərkəzlərində tətbiq ediləcəyini, növbəti iki il ərzində isə bütün ərazini əhatə edəcəyini bildirib.







