BAKI, TurkicWorld, Orxan Qədirzadə
Türkiyənin Dezinformasiya ilə Mübarizə Mərkəzi sosial mediada yayılan bəzi iddiaların həqiqəti əks etdirmədiyini açıqlayıb.
TurkicWorld xəbər verir ki, rəsmi açıqlamada Türkiyənin İranın lehinə müharibəyə qoşulacağı və ya Livana hərbi müdaxilə edəcəyi barədə yayılan məlumatların dezinformasiya xarakterli olduğu bildirilib.
Qeyd olunub ki, Türkiyə münaqişənin başlanğıcından etibarən tərəf olmadığını bəyan edib və bu mövqeyini qorumaqda davam edir. Bildirilib ki, ölkə rəhbərliyi hücumların tezliklə dayandırılması, müharibənin genişlənməsinin qarşısının alınması və davamlı sülhün təmin olunması üçün aktiv diplomatik fəaliyyət aparır.
Açıqlamada vurğulanıb ki, bu cür əsassız məlumatlar informasiya müharibəsinin bir hissəsi olmaqla yanaşı, Türkiyənin beynəlxalq imicinə zərər vurmaq və onun konstruktiv rolunu kölgə altına almaq məqsədi daşıyır.
Rəsmi qurum ictimaiyyəti yalnız rəsmi mənbələrin açıqlamalarına istinad etməyə və təsdiqlənməmiş məlumatlara inanmamağa çağırıb.







