BAKI, TurkicWorld, Orxan Qədirzadə
İran ərazisindən buraxılan və Türkiyənin hava məkanına daxil olan ballistik sursatla bağlı Ankara rəsmi etirazını Tehrana çatdırıb.
TurkicWorld xəbər verir ki, Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılan İranın Ankaradakı səfiri Məhəmməd Həsən Həbibullahzadəyə baş verən hadisə ilə bağlı Türkiyənin narahatlığı və etirazı bildirilib.
Diplomatik mənbələrin məlumatına görə, Türkiyə tərəfi səfirdən İran ərazisindən buraxılaraq Türkiyə hava məkanına daxil olan ballistik sursatla bağlı izahat tələb edib.
Görüş zamanı rəsmi Ankara hadisənin regional təhlükəsizlik baxımından ciddi narahatlıq doğurduğunu vurğulayaraq Tehrana rəsmi etirazını çatdırıb.
Türkiyənin Milli Müdafiə Nazirliyi daha əvvəl açıqlamışdı ki, İran ərazisindən buraxılan və Türkiyənin hava məkanına daxil olan ballistik sursat NATO-nun Şərqi Aralıq dənizində yerləşdirilmiş hava və raketdən müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib.
Nazirliyin məlumatına görə, sursatın bəzi qalıqları Türkiyənin Qaziantep vilayətində boş əraziyə düşüb.
Xatırladaq ki, martın 4-də də İran ərazisindən buraxılaraq Türkiyə istiqamətində hərəkət edən digər ballistik sursatın NATO-nun regiondakı hava və raketdən müdafiə vasitələri tərəfindən zərərsizləşdirildiyi açıqlanmışdı.