BAKI, TurkicWorld, Orxan Qədirzadə
Yaxın Şərqdə gərginliyin artması fonunda Fransa Livandakı vəziyyətin müzakirəsi üçün beynəlxalq diplomatik təşəbbüs irəli sürüb.
AzerVoice xəbər verir ki, Fransanın xarici işlər naziri Jan-Noel Barro Livanda sürətlə pisləşən təhlükəsizlik vəziyyəti ilə əlaqədar Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının təcili iclasının çağırılmasını tələb etdiklərini açıqlayıb.
Fransa hökuməti Livan xalqına yardım məqsədilə artıq bölgədə fəaliyyət göstərən humanitar təşkilatlara 6 milyon avro həcmində təcili maliyyə dəstəyi ayırıb.
Nazirin sözlərinə görə, Paris həmçinin 20 tonluq humanitar yardım paketinin hazırlanmasını başa çatdırıb və bu yardımın martın 10-da Livana çatdırılması planlaşdırılır.
Bundan əlavə, Fransanın Xarici İşlər Nazirliyi yanında fəaliyyət göstərən xüsusi böhran fondu vasitəsilə şirkətlərin və yerli idarəetmə qurumlarının humanitar təşəbbüslərə qoşulması üçün əlavə mexanizm yaradılıb.
Fransa eyni zamanda Livanın xaosa sürüklənməsinin qarşısını almaq, atəşkəsə nail olmaq və Hizbullah təşkilatının silahsızlaşdırılması prosesini davam etdirmək məqsədilə Livan və İsrail rəsmiləri ilə danışıqları davam etdirir.
Martın 9-da İsrail ordusu Livanın cənub bölgələrində Hizbullah qüvvələrinə qarşı məhdud quru əməliyyatına başladığını açıqlayıb. İsrail tərəfi bu əməliyyatın ölkənin şimal bölgələrində yaşayan əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə müdafiə mövqelərinin gücləndirilməsi çərçivəsində həyata keçirildiyini bildirib.
Qeyd olunur ki, martın 2-dən etibarən İsrailin Livana endirdiyi hava zərbələri nəticəsində 400-dən çox insan həyatını itirib, minlərlə sakin isə evlərini tərk etmək məcburiyyətində qalıb.
Regionda eskalasiya ABŞ və İsrailin İrana qarşı birgə zərbələrindən sonra daha da güclənib. Həmin hücumlar nəticəsində 1200-dən çox insanın həlak olduğu, o cümlədən İranın ali dini lideri Əli Xameneinin öldüyü bildirilib.