BAKI, TurkicWorld, Orxan Qədirzadə
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 11 illik fasilədən sonra Efiopiyanın paytaxtı Əddis-Əbəbəyə rəsmi səfər edib.
TurkicWorld xəbər verir ki, Türkiyənin Əddis-Əbəbədəki səfirliyinin açılmasının 100-cü ilinə təsadüf edən bu tarixi səfər zamanı iki ölkə arasında enerji və iqtisadiyyat sahəsində mühüm sazişlər imzalanıb.
Efiopiya Baş naziri Abiy Əhməd ilə keçirilən birgə mətbuat konfransında Ərdoğan regional təhlükəsizlik məsələlərinə toxunub. O, İsrailin Somalilendi tanımaq cəhdlərini tənqid edərək "İsrailin Somalilendi tanımasının nə Somalilendə, nə də Afrika Buynuzuna bir faydası yoxdur"-deyə bildirib. Türkiyə lideri regionun xarici güclərin mübarizə meydanına çevrilməsinin əleyhinə olduqlarını vurğulayıb.
Görüşlər zamanı Türkiyənin Efiopiyadakı 2,5 milyard dollara çatan investisiyaları, 1 milyard dollarlıq ticarət həcmi hədəfi və enerji sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub. Həmçinin, Türkiyənin vasitəçiliyi ilə aparılan "Ankara Prosesi" çərçivəsində Efiopiya və Somali arasındakı münasibətlərin tənzimlənməsi istiqamətindəki addımlar yüksək qiymətləndirilib.







