BAKI,TurkicWorld, Fərid Mikayılov
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan müxalifətin son davranışlarını kəskin tənqid edərək, hakim partiyanın və Cümhur İttifaqının ölkədə siyasi sabitliyin əsas dayağı olduğunu bildirib.
TurkicWorld xəbər verir ki, Ərdoğan müxalifətin “zorakılıq və təxribat ritorikasına” baxmayaraq partiyasının gücünü qoruduğunu vurğulayıb.
“Cümhur İttifaqı dövlətimizin və millətimizin birliyinin ən möhkəm təminatıdır. AK Parti güclüdürsə və Cümhur İttifaqı ayaqdadırsa, 86 milyon vətəndaşımız güvəndədir”- deyə o bildirib.
Ərdoğan qlobal geosiyasi qeyri-müəyyənliklərin artdığı bir dövrdə Türkiyənin sabitliyinin məhz mövcud siyasi ittifaqla təmin olunduğunu bildirib. Onun sözlərinə görə, beynəlxalq sistemdə qaydalar dəyişir, yeni böhranlar yaranır və belə şəraitdə təcrübəli və peşəkar kadrların idarəçilikdə olması mühüm əhəmiyyət daşıyır.
O həmçinin parlamentdə yeni nazirlərin andiçmə mərasimi zamanı yaşanan hadisələrə də toxunaraq Cümhuriyyət Xalq Partiyasını (CHP) sərt tənqid edib.
Ərdoğan bildirib ki, müxalifət nümayəndələri andiçmə prosesinə mane olmağa çalışaraq parlamentin nüfuzuna xələl gətiriblər.
Türkiyə lideri vurğulayıb ki, Türkiyə Böyük Millət Məclisi siyasi qarşıdurma meydanı deyil, xalqın iradəsinin təmsil olunduğu ali qanunverici orqandır. O əlavə edib ki, gələcəkdə də parlamentin nüfuzuna yönəlmiş hər hansı addıma qarşı qəti mövqe nümayiş etdiriləcək.







