BAKI, TurkicWorld, Nailə Babazadə
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatının Nəqliyyat Nazirləri Toplantısına videomüraciət ünvanlayaraq, üzv ölkələr arasında nəqliyyat əlaqələrinin gücləndirilməsinin vacibliyini vurğulayıb.
TurkicWorld xəbər verir ki, Ərdoğan bildirib ki, coğrafi məsafələrin əvvəlki əhəmiyyətini itirdiyi, lakin strateji bağlantıların daha da dəyər qazandığı bir dövrdə İslam dünyasının böyük potensialı mövcuddur. Onun sözlərinə görə, bu potensialdan tam istifadə etmək və coğrafi üstünlükləri strateji gücə çevirmək üçün effektiv, etibarlı və inteqrə olunmuş nəqliyyat şəbəkələri zəruridir.
Prezident qeyd edib ki, avtomobil və dəmir yolları, limanlar və hava limanları arasında qurulacaq güclü əlaqələr yalnız ticarəti deyil, sosial və mədəni əməkdaşlığı da artıracaq.
Rəcəb Tayyib Ərdoğan Türkiyənin son illərdə həyata keçirdiyi iri infrastruktur layihələrinə də toxunub. O, Marmaray, Avrasiya Tuneli, 1915 Çanaqqala Körpüsü və Yavuz Sultan Səlim Körpüsü kimi layihələrin qlobal ticarət marşrutlarının möhkəmləndirilməsinə töhfə verdiyini bildirib. Dəmir yolu, liman və aviasiya sahəsində atılan addımların Türkiyəni beynəlxalq nəqliyyat mərkəzinə çevirdiyini qeyd edib.
Ərdoğan Hazar keçişli Şərq–Qərb Orta Dəhliz layihəsinə dəstəyin tarixi İpək Yolunun müasir formatda yenidən canlandırılması baxımından əhəmiyyətini vurğulayıb. O əlavə edib ki, məqsəd yalnız milli layihələr deyil, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrlə inteqrasiyanın dərinləşdirilməsi, sərhədlərarası dəhlizlərin inkişafı və birgə layihələrlə əlavə dəyər yaradılmasıdır.
Toplantı çərçivəsində üzv ölkələr arasında nəqliyyat əlaqələrinin gücləndirilməsi üzrə yol xəritəsinin hazırlanması, beynəlxalq platformalarda həmrəyliyin artırılması və Türkiyənin sədrliyi dövründə Nəqliyyat Bağlantısallığı Strategiya Sənədinin işlənib hazırlanması barədə qərarlar qəbul olunub.
Prezident qəbul edilən qərarların icrası üçün texniki mexanizmlərin ardıcıl şəkildə işlədilməsinin vacibliyini vurğulayıb.






